Bu gün Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı Beynəlxalq Forum keçirilir.
İki gün davam edəcək Forumun təşkilatçıları Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetidir.
Forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edir.
Forum iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol”, post-münaqişə dövrünə dair “Əməkdaşlıq, İmkanlar və Çağırışlar” adlı panel müzakirələri keçirəcək.
Aprelin 29-da isə ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələr davam etdiriləcək.
Bu forum 2021-ci ilin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın məntiqi davamıdır.
Qeyd edək ki, həmin beynəlxalq konfransda Prezident İlham Əliyev də iştirak etmişdi və postmünaqişə reallığı ilə bağlı mühüm mesajlar vermişdi.
Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq forumun keçirilməsini təklif etmişdi və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.
İndi keçirilən Şuşa Forumu həmin təklifin reallaşması baxımından da qiymətləndirilməlidir.
Şuşa Beynəlxalq Forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır.
Kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməlinin əsasında Azərbaycanın Ermənistanla münasibətlərinə dair formalaşdırdığı sülh gündəliyi dayanır.
Şuşa Forumunda bu məsələ də müzakirə predmeti olacaq.
Şuşa Beynəlxalq Forumu dünyanın nüfuzlu beyin mərkəzlərini təmsil edən, bölgə ilə yaxından maraqlanan xarici ekspertlərə reallıqları olduğu kimi görməyə, törədilən urbisid, mədəni soyqırımı, ekosidlə əyani şəkildə tanış olmağa, mina probleminin humanitar aspektlərini yerində qiymətləndirməyə imkan yaradacaq.
Eyni zamanda Azərbaycan dövlətinin azad edilmiş ərazilərdəki bərpa və quruculuq işləri, planları barədə ətraflı məlumat almağa imkan verəcək.
Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas məkanına çevrilməsi Şuşanın illər ərzində erməni şəhəri kimi təqdim edilməsi kimi çirkin kampaniyaların da iflası deməkdir.
Aqil Vəlili