Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət həm ölkəni xarici təhdidlərdən qoruyur, həm də Azərbaycanın beynəlxalq nüfuzunu artırır.
Azərbaycan dövlətinin tutduğu mövqe ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə hörmət prinsiplərinə əsaslanır.
Rəsmi Bakının strateji qaməti qlobal siyasi qütblərdə dayanan güclər üçün cəlbedicidir və onlar Azərbaycanın əhəmiyyətinə hər keçən gün daha çox inanırlar.
Daha doğrusu, bu inanmaq məsələsi strateji zərurətlərdən irəli gəlir, Rusiya ilə Ukrayna arasında müharibə ərəfəsi və döyüşlər zamanı Azərbaycanın Avropa bazarlarının etibarlı enerji təminatçısı kimi rolu daha da artdı.
Artıq bir aydan çox müddətdir ki, beynəlxalq aləmdən Prezident İlham Əliyevə də çoxsaylı telefon zəngləri gəlir, məktublar ünvanlanır, dövlət başçısı ilə görüşlər keçirilir.
Həmin qrafikə dair statistikanı təqdim edək:
Azərbaycanın siyasətində Türkiyə amili qırmızı xətlə keçir, iki ölkə arasında münasibətlər strateji müttəfiqliyin təməlində inkişaf edir.
2022-ci ilin fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Liderlər telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Fevralın 15-də isə NATO baş katibi Yens Stoltenberqlə Prezident İlham Əliyev arasında “zəng diplomatiyası” baş tutub.
Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair müzakirələr aparılıb.
Fevralın 16-sı Polşa Prezidenti Andjey Duda İlham Əliyevlə Bakı-Varşava münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Azərbaycanın tərəfdaşına çevrilən dünyanın qüdrətli dövlətlərindən olan Böyük Britaniyanın baş naziri Boris Conson fevralın 21-də İlham Əliyevə məktub ünvanlayıb.
Consonun Böyük Britaniya və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanladığı məktubun mətnində deyilir:
“Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm”.
Elə həmin gün Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen ölkəsi ilə Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı İlham Əliyevi təbrik edib.
Fevralın 23-də və 26-da Azərbaycan və Türkiyə prezidentləri yenidən telefon söhbəti aparıblar.
Telefon söhbətləri zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair, habelə ölkələrimiz arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar olub.
Fevralın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” hesabında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Ukraynada müharibənin getdiyi zamanda, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin də İlham Əliyevə zəng edib.
Prezidentlər Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyəti, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Sonrakı qrafiklər isə belə olub: Martın 1-də Fransa Prezidenti Emmanuel Makron, martın 3-də Moldova Prezidenti Maya Sandu İlham Əliyevlə danışıqlar aparıblar.
Martın 7-də Emmanuel Makron Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə dair İlham Əliyevə təbrik ünvanlayıb.
Martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi İlham Əliyevə zəng edib. Onlar söhbət əsnasında Azərbaycan və İtaliya əlaqələri, həmçinin regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Martın 9-da Türkiyədə səfərdə olan İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb.
Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə predmeti olub.
Martın 15-də Rumıniya Prezidenti Klaus Yohannisin İlham Əliyevlə telefon danışığı zamanı ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı enerji sahəsində əməkdaşlığın perspektivləri, Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və elektrik enerjisinin ixracı məsələləri müzakirə olunub.
Həmçinin telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Bütün bunlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuz sahibi olmasının, Azərbaycanın beynəlxalq arenada yeri və rolunun daha da yüksəlməsinin göstəricisidir.
Aqil Vəlili