Bu gün Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mənzil və avtomobillərin təqdimatı tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər.
S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi olduğunu vurğulayıb. Qeyd olunub ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək paketi üzrə artıq 123 min şəxsə dəstək yönümlü 276 min xidmət göstərilib.
Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı da beş dəfə genişlənib. Bu dövrdə 4500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Həmçinin postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324, ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Eləcə də ötən dövrdə Naxçıvan MR-da şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 587 avtomobil təqdim edilib.
F.Nəcəfli Naxçıvan MR-da həyata keçirilən sosial müdafiə tədbirlərindən bəhs edib, şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə təmin edilmələri üçün məqsədyönlü işlərin aparıldığını, bu tədbirin də həmin dəstək işlərinin davamı olduğunu qeyd edib.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən ibarət 40 nəfər də sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub.
Həmçinin əhalinin həssas qruplarından olan bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurmaları üçün mal və materiallar formasında aktivlər təqdim edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri çərçivəsində Naxçıvan şəhərində də DOST mərkəzi inşa olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Naxçıvanda inşa olunan DOST mərkəzinin tikintisi işləri ilə də tanış olub. 4 mərtəbədən ibarət mərkəzin inşasının bu il yekunlaşdırılması nəzərdə tutulur.
Mərkəzdə vətəndaşlara sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunacaq.