Kubra Məhərrəmova yazır…
Bu gün Zəfər Günü. Qələbə günü.
Son 100 ilin ən böyük günü. Ən böyük bayramı.
Milli qürurun bərpası günü. Haqqın nahaqa qalib gəldiyi gün.
İlahi ədalətin bərqərar olduğu gün.
Bu günün memarı, ömrünün 19 ilini bu günə həsr edən, bu gün üçün vuruşan, bu gün üçün gecə-gündüz mübarizə aparan Ali Baş Komandan İlham Əliyevə böyük vəfa borcumuz var. Bu, elə bir borcdur ki, illərlə, əsrlərlə ödənməz. Bu elə bir ehtiram, hörmətdir ki, heç vaxt unudulmaz.
Bu, elə bir sevgidir ki, dünyada yaşayan hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq.
Bu, bir məktəbdir, bu, bir həyat yoludur. İnamından, əqidəsindən, məqsədindən dönməyən liderin zəkası, siyasəti, sərkərdəlik bacarığının təcəssümüdür.
Hər zaman masada, danışıqlarda, diplomatik görüşlərdə, dayanmadan bütün dünyada Qarabağı təbliğ etdi. Usanmadı, bezmədi. Hər gün, hər gecə Qarabağ dedi. Qarabağı unutmağa qoymadı. Qarabağı özü kimi sevən yeni nəsil tərbiyə etdi.
Bir insanın qəlbində bu qədərmi torpaq sevgisi olar? Bir insanın qəlbində bu qədərmi qələbəyə inam olar? Bir insanın qəlbində bu qədərmi xalqına, ordusuna inam olar?
Deməli olarmış. Bu sevgi o qədər böyük idi, bu inam o qədər böyük idi ki, bütün Azərbaycan xalqı bu sevgiyə inandı və Ali Baş Komandanın ardınca ən böyük savaşa girdi. Ölüm-dirim savaşına. Böyük Vətən savaşına. Onun bir əmrinə minlərlə oğul canından keçdi.
Ali Baş Komandan əmr veribsə, onu canımız bahasına yerinə yetirməliyik deyib, gözlərini belə qırpmadan qələbəyə doğru getdilər.
Bir zabit, bir əsgər, bir könüllü döyüşçü düşünün. Arxasına baxmadan Ali Baş Komandanın əmrinə sadiq qalan orduya baxın.
Bundan böyük xalq sevgisi varmı?
Bu gün dünyanın hansı ölkəsində ölkə başçısının bir sözünə, bir əmrinə bütün xalq ayağa qalxar?
İlham Əliyev əsl lider kimi 44 günlük Vətən müharibəsində bütöv Azərbaycanı öz çiyinlərində, öz siyasi iradəsində, öz qorxmaz və mübariz xasiyyəti ilə qələbəyə, zəfərə apardı.
Bir dəfə də olsun geriyə addım atmadı. Bütün dünya ilə savaşdı. Hər gün savaşdı. 24 saat savaşdı. Bütün təhdidlərə, bütün təzyiqlərə baxmadan sona qədər getdi.
Bizi bu günü yaşamağa, zəfərin nə olduğunu bizə anlatmağa nail oldu.
44 günlük Vətən müharibəsində şəxsən mən İlham Əliyevi özüm üçün yenidən kəşf etdim. Xarici düşmənlərlə döyüşən, onlara qarşı amansız və sərt olan ölkə başçısı və əsgərinə, zabitinə bir ata qayğısı ilə yanaşan Ali Baş Komandan.
Yadınızda olar yəqin.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ən qızğın döyüşlər gedən ərəfədə 2020-ci il sentyabrın 30-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdü. Görüş Birinci vitse-prezident Mehriban Əliyeva göz yaşlarına hakim kəsilə bilməmiş, hamımızı ağlatmışdı. Bu onun həssas və kövrək qəlbinin təzahürü idi.
Ölkə başçısı İlham Əliyev həmin görüşdə bir daha hər bir əsgərinə, hər zabitinə bildirdi ki, Ali Baş Komandan sizin yanınızdadır və sona qədər də olacaq. Bütün gücünü, bütün əlaqələrini, bütün imkanlarını səfərbər edir bunun üçün.
Haqq davasını aparan bir ordu üçün bundan gözəl motivasiya olarmı? Qan-qadanın içində vuruşan əsgəri bu sözlərdən sonra saxlamaq olarmı? Əlbəttə yox.
Ölkə başçısı İlham Əliyevin həmin görüşdə etdiyi çıxış, mətin, dönməz, əqidəli və bir mövqeyi olan müzəffər Ali Baş Komandanın geri çəkilməcəyi barədə dünyaya bir mesaj idi.
Dünyanın hər yerindən edilən zənglərə, dünya güclərinin təzyiqinə, geosiyasi oyunçuların müdaxiləsinə Azərbaycan Prezidenti İlham Əliyevin bir cavabı oldu: “Biz haqq davası aparırıq. Öz ərazimizi işğaldan azad edirik. Biz erməni faşizminə son qoyacağıq dedi”.
Eyni zamanda bir ata qayğısı, bir böyük qardaş sevgisi ilə zabit və əsgərlərinə müraciət etdi:
“Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ali Baş Komandanın dediyi kimi bu gün Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bu gün müzəffər Ali Baş Komandan, qalib xalqın qalib prezidenti Şuşaya səfər edib.
Bu gün İlham Əliyev bir daha bütün dünyaya, dosta-düşmənə mesaj verir ki, biz qayıtmışıq və biz əbədi olaraq öz yurdumuzdayıq!
Cənab prezident, bizim sizə bir ömür vəfa borcumuz var. Üçrəngli bayrağımızı işğaldan azad olunan ərazilərdə hər dəfə yüksəltdiyiniz zaman düşmənlərimiz məhv, dostlarımız fəxarət hissini yaşayırlar.
Bu əziz gündə sizə uzun ömür, can sağlığı diləyirəm. Çünki Azərbaycanı, Azərbaycan xalqını, bu dövləti hələ bundan da böyük qələbələrə, zəfərlərə məhz siz aparacaqsınız.
Siz bu ölkəni, bu xalqı, bu ordunu bir etdiniz! Var olun, Ali Baş Komandan!
Bizim zəfərin memarı!