• Şb. Noy 23rd, 2024

“Blokada” oyunu: Reallığı görməyib, özünü korluğa qoyanlar – ŞƏRH

ByYenigun.news

İyl 31, 2023


Hər gün yüzlərlə erməni “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana və ya Qarabağa gedib-gəlir.

Ancaq erməni propaqandası fərqli şəkildə davranır. Onlara görə, Azərbaycan Qarabağda humanitar böhran yaradıb. Bu, süni şəkildə ortaya atılmış və heç bir əsası olmayan iddialardır. Erməni təbliğat maşınının məqsədi bəllidir – o, Azərbaycana qarşı şantaj və təzyiq cəhdləri göstərir.

İrəvan bununla sülh prosesini tormozlamaq, qazanılan vaxtla revanşizm üçün resurs toplamaq istəyir.

Ermənistana bu məsələdə havadar olanlar da var. Ermənistan və onun havadarlarının yalançı blokada ittihamının isə faydası olmayacaq.

Çünki ortada fakt var. Fakt budur ki, Qarabağda heç bir blokada yoxdur. İkinci fakt budur ki, Azərbaycan Laçın yolunun Laçın şəhərindən keçən hissəsinə alternativ yol çəkib. Həmin yol 2022-ci ildə istifadəyə verilib. Blokada tətbiq etmək istəyən dövlət belə bir addım atardımı?!

Azərbaycan sərmayə və resurslarını sərf edib, yüksəkkeyfiyyətli yol çəkdikdən sonra Laçın şəhərinə, Zabux və Sus kəndlərinə suveren nəzarətini bərpa etdi.

Ancaq bu da bəzilərinin kürkünə birə saldı. Bundan bir müddət sonra Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ekofəallar aksiyaya başladılar. Bunu da az qaldılar ki, erməni xalqının başına açılan oyun kimi qələmə versinlər.

Halbuki, heç bir blokadadan, humanitar böhrandan söhbət belə gedə bilməzdi. İndi də eyni havanı oynayırlar. Guya Azərbaycan Laçın yoluna Ermənistanın içərisində nə olduğu bəlli olmayan yük maşınlarını buraxmamaqla ermənilərin hüququna toxunur.

Bu qədər absurd və mənasız ittihamlar elə erməni təbliğat müstəvisində və ona dəstək olan qüvvələrdə ola bilər.

Hər gün “Laçın” sərhəd-buraxılış məntəqəsindən ermənilərin Azərbaycan ərazilərinə giriş-çıxışına dair videolar yayımlanır.

Bunu görməmək sözün hər mənasında korluqdur. Azərbaycan kor gözləri açmaq üçün səylərə girişmir. Kimə nəyi sübut etməlidir ki?! Lakin Azərbaycan öz maraqlarını əsas tutaraq alternativ marşrutu təqdim edir. Yəni Azərbaycan özü Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağdakı ermənilərə yük çatdıra bilər. Bundan yaxşı təklif tapmaq olarmı?

Xeyr. Ancaq bu təklifə də ağız büzənlər var. Çünki onlar öyrəncəlidirlər. Qarabağdakı ermənilər isə Ağdam-Xankəndi yolunu bloklamağa cəhd edirlər. Görünür, təlimat aldıqları yerlər var. Lakin bu marşrut üzrə hərəkətin bərpa olunacağına şübhə yoxdur.

Ağdam yolu açılandan sonra yeni Laçın yolunun da işləməsi – yəni hər iki yolun işlək vəziyyətdə olması – mümkündür.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir