BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edib.
Tədbirin əhəmiyyəti haqqında Oxu.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov diqqətə çatdırıb ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə lider olaraq siyasi mənzərənin yenidən formalaşdırılmasında önəmli rol oynayır. Deputatın fikrincə, artıq qlobal anlamda da Azərbaycan vacib tərəflərdən birinə çevrilir, nüfuzu gündən-günə artır:
“Bu baxımdan ölkəmizdə keçirilən vacib tədbirlər, siyasi, iqtisadi problemlərin müzakirə olunduğu beynəlxalq toplantılar önəmli mahiyyət daşıyır. Ağdam şəhərində keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr isə azad olunmuş ərazilərimizin bərpasında beynəlxalq iştirakçılıq baxımından vacibdir. BMT-nin Azərbaycandakı nümayəndəsi qeyd etdi ki, ərazilərimizin bərpasında təşkilatın təcrübəsindən istifadə ediləcək. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işində BMT-nin Azərbaycanın yanında olduğu vurğulandı. Hesab edirəm ki, minatəmizləmə proseslərində, işğaldan azad edilmiş ərazilərimizin bərpasında, o cümlədən həmin bölgələrdə iqtisadi dirçəlişin formalaşmasında BMT-nin təcrübəsi əhəmiyyətli olacaq.
Ölkəmizdə hazırkı stabil mühit, ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu sahəyə beynəlxalq şirkətlərin, investisiyaların cəlb edilməsinə təkan verəcək. Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər həm bizim üçün, həm qlobal anlamda önəmli motivləri özündə daşıyır. Çünki Azərbaycan dünya üçün əhəmiyyətli tərəfdaşdır. Qlobal enerji təhlükəsizliyi, iqtisadi, siyasi, ekoloji böhranlar ölkəmizin bütün dünya dövlətləri üçün önəmli tərəfdaş olduğunu sübut edir”.
Aysel Aslan