• C. Noy 29th, 2024

BMT missiyası Ermənistanın nağıllarına uymadı – “KASPİ”nin TƏHLİLİ + FOTO

ByYenigun.news

Okt 7, 2023


BMT missiyasının Qarabağ regionuna səfəri Prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında baş tutan telefon danışığından sonra reallaşıb. Görünür, ABŞ missiyanın hesabatını qənaətbəxş hesab edir və yaxın zamanlarda bununla bağlı daha tutarlı bir açıqlama səslənəcək.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın lokal antiterror tədbirlərindən sonra ərazidə qeyri-qanuni məskunlaşan erməni əhali könüllü surətdə Ermənistana köç etməyə başlayıb. Ermənistan hökuməti məsələdən “faydalanmaq” üçün yeni yalana, “etnik təmizləmə” nağılına start verib.

Əsas dəstəkçi Fransa ilə yanaşı, Yunanıstan da bu kampaniyaya qoşulub. Erməni diasporunun dəstəyi ilə Qərbin müxtəlif şəhərlərində aksiyalar keçirilir, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan hər görüşdüyü ölkənin XİN başçısına Azərbaycandan şikayət edir, Nikol Paşinyan isə adəti üzrə müxtəlif ölkə rəhbərlərinə zəng edərək “etnik təmizləmə”dən əziyyət çəkdikləri barədə dedi-qodu səviyyəsində açıqlamalar verir. Bununla Ermənistan hökuməti xam xəyala düşərək, Azərbaycana qarşı beynəlxalq təzyiqin yaranacağına ümid edir. 

BMT missiyasının tərs şilləsi

Azərbaycan tərəfinin razılığı əsasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi ilə BMT missiyası oktyabrın 1-də Qarabağ regionuna səfər edib. Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olublar. El misalında deyildiyi kimi, elə Ermənistan üçün dananın quyruğunun qopduğu an da bu olub. Çünki missiyanın birgünlük müşahidələrindən sonra verdiyi açıqlama Ermənistanın neçə gündür apardığı mənfur siyasəti darmadağın edib. 

Missiya üzvləri yerli əhali və digər şəxslərlə söhbət edib, səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə tanış olublar. Qeyd edilir ki, Xankəndi şəhərində heç bir mülki və ictimai infrastruktura, xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə ziyan dəyməyib. Bu isə 19 sentyabr tarixindən işə düşən erməni təbliğat maşınını ifşa etmək deməkdir.

Erməni həyasızlığının davamı

Hesabatın Ermənistan hökumətinə vurduğu şillənin qızartısı o qədər şiddətli olub ki, erməni həyasızlığının bariz nümunəsi sayılan, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan BMT missiyasına qarşı qaralama kampaniyasına start verib. Marukyan özünün “X” sosial şəbəkə hesabında missiyanın hesabatını “qərəzli” adlandırıb. Ermənistanın XİN başçısı Ararat Mirzoyan da bu kampaniyaya qoşularaq, missiyanı “gecikmiş” adlandırıb. Bu iki rəsmi şəxsin açıqlamasından da məlum olur ki, Ermənistan hökuməti BMT missiyasından narazıdır. Çünki missiyanın hazırladığı hesabat heç də onların gözləntilərini doğrultmayıb. 

ABŞ də Ermənistanın nağılına uymadı

BMT-nin hesabatı ilə Ermənistan hökumətinə dəyən şillənin qızartısı keçməmiş, bənzər açıqlama ABŞ-dən gəlib. Dövlət Departamentinin rəsmisi Metyu Millerin brifinqdə “Qarabağdan ermənilərin köçünü Ermənistan tərəfi etnik təmizləmə kimi xarakterizə edir. ABŞ Qarabağdakı hadisələri etnik təmizləmə hesab edirmi?” sualına cavabı sərrast və konkret olub:

“Amma həmişə olduğu kimi, soyqırımı və ya etnik təmizləmə məsələlərində qərara gəlmək dəlillərə əsaslanan hərtərəfli proses tələb edir. Hazırda bu məsələ ilə bağlı heç bir nəticə çıxara bilmərəm”.

BMT missiyasının hesabatının yayılması ilə Metyu Millerin bu açıqlamasının eyni vaxtda səslənməsi təsadüf deyil. Artıq bütün dünyanı etnik təmizləmə nağılı ilə bezdirən Ermənistana bundan gözəl cavab ola bilməzdi. Millerin açıqlamasındakı “dəlillərə əsaslanan hərtərəfli proses” əslində BMT missiyasına işarədir. Çünki BMT missiyasının Qarabağ regionuna səfəri Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi arasında baş tutan telefon danışığından sonra reallaşıb. Görünür, ABŞ missiyanın hesabatını qənaətbəxş hesab edir və yaxın zamanlarda bununla bağlı daha tutarlı bir açıqlama səslənəcək. 

“Qarabağdan köçənlər qaçqın deyil”

Dünyaya qaçqın və köçkünləri olduğu barədə car çəkən Ermənistanın humanitar dilənçiliyi də təhlükə qarşısındadır. Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler bildirib ki, Qarabağdan məcbur köçkün və qaçqın yoxdur. Çünki onların heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb və faktiki olaraq Azərbaycan Respublikasının hakimiyyəti altında yaşamayıblar. Bu səbəbdən də indi onlar məcburi köçkün sayıla bilməzlər. Eyni zamanda, onların böyük əksəriyyətinin Ermənistan pasportu var və pasportunu aldığı ölkəyə daxil olurlar. Bu səbəbdən də qaçqın deyillər. Bu faktlar beynəlxalq kulislərdə rəsmiləşsə, Ermənistanın humanitar yardım dilənçiliyinə son verilmiş olacaq.

Robert Koçaryan yenidən meydanda

Bu arada, Nikol Paşinyan hökuməti Qarabağdan köçən ermənilərin Robert Koçaryanın iştahasını artırdığından xəbərdardır. Qarabağ ermənilərinin “Qarabağ klanı”nı yenidən dirçəldəcəyindən qorxan erməni hökuməti artıq onları təhdid edərək, mitinqlərdə iştirak edəcəkləri təqdirdə yardımı kəsəcəklərini bildiriblər. Bununla yanaşı, tərəflər arasında nifaq salmaq üçün sosial şəbəkələrdə Koçaryana məxsus “Kongress” hotelə Qarabağ ermənilərinin buraxılmadığı barədə xəbərlər dolaşmağa başlayıb. Bununla da Qarabağ erməniləri ilə Robert Koçaryan arasında ilk nifaq toxumları səpilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir