“İndiyədək sülh prosesinə mane olan əsas amil Ermənistanın mövqeyi idi. Çünki razılığın əldə olunmasında ən vacib komponent tərəflərin postmünaqişə şəraitində bir-birilərinin ərazi bütövlüyü və suverenliyinin tanımasıdır”.
Bunu “Report”a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşünü şərh edərkən deyib.
T.Zülfüqarov bildirib ki, Brüsseldəki üçtərəfli görüş Fransanın təşəbbüsü ilə baş tutub:
“Bizim üçün görüşün harada keçirilməsi o qədər də əhəmiyyətli deyil. Əsas məsələ maraqlarımıza uyğun addımların atılmasıdır. Rəsmi Bakı yekun sülh müqaviləsinin imzalanmasını və bunun üçün İrəvana təzyiqlərin göstərilməsini istəyir. Bu baxımdan, prioritetimiz tələblərimizin yerinə yetirilməsidir. Biz bütün danışıqlar formatında iştirak etməyə hazırıq. Vacib olan Azərbaycana nələrin təklif edildiyidir”.
Keçmiş nazirin sözlərinə görə, Brüssel görüşü Azərbaycan üçün uğurlu olub.
“Bu, əlbəttə, Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də təzyiqlərimizin nəticəsidir. İkinci bir tərəfdən isə bu, göstərir ki, proseslər rəsmi Bakının maraqlarına uyğun inkişaf edir”, – o bildirib.
Qeyd edək ki, dünən Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. 5 saata yaxın (4 saat yarımdan artıq) davam edən görüşün nəticəsində verilən bəyanatda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqların başlanması bildirildi. Hər iki ölkənin xarici işlər nazirliklərinə bu barədə təlimat verilib. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Həmin sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bəyanatda, həmçinin tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək görməsi təsdiq olunur.