Buzovnada dəniz sahilini zəbt edən tikililərin sökülməsi işi dayandırılıb. Lakin bəzi sahələrdə sökülməli tikililər, azad edilməli qayalar hələ də qalmaqdadır.
Xəzər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamaya görə, işləri “qayaların parçalanması”na görə dayandırıblar:
“Bir neçə gün sonra söküntü işləri yenidən davam etdiriləcək. Həmin ərazilərdə qayaların parçalanması gözlənilir”.
Qayaların hansı səbəbdən və nə məqsədlə parçalanacağı haqda sualımıza isə cavab ala bilmədik.
Qeyd edək ki, söküntü işlərinin dayandırılmasının əsl səbəbi bilinmir. İyunun 22-dən başlanan proses yarımçıq saxlanılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Buzovna qayalarının qanunsuz zəbt edilməsi məsələsinin araşdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına göstəriş verib.
Nəzrin Vahid