• Şb. Noy 2nd, 2024

Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclası keçirilib – FOTO

ByYenigun.news

Mar 15, 2023


“2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” üzrə strateji istiqamətlər müəyyən edilib. BMT işğaldan azad olunmuş ərazilərin bərpasında, xüsusilə minatəmizləmə fəaliyyətində Azərbaycan Hökumətinə dəstəyini davam edəcək.

“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib. Tədbirdə Çərçivə Sənədinin 2023-cü il üzrə icrası üçün Birgə İş Planları müzakirə edilərək təsdiq edilib və maliyyə ili üçün büdcə prosesi və strateji istiqamətlər müəyyən olunub.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini və sayca 5-ci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT-Azərbaycan əlaqələrinin tərəfdaşlıq mərhələsinə yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030-cu il” Gündəliyinə qoşulduqdan sonra ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) inteqrasiya edilib və hazırda da layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir.

BMT-nin Ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreyeva ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığı diqqətə çatdırıb, qurumun işğaldan azad olunmuş ərazilərimizin bərpasında, xüsusilə minatəmizləmə fəaliyyətində Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini qeyd edib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbir çərçivəsində sənədin icrası üzrə 5 istiqamətdə Nəticə Qruplarının həmsədrləri tərəfindən 2022-ci ilin yekunları və 2023-cü ilin prioritet istiqamətlər üzrə təqdimatlar edilib.

Qeyd: Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Çərçivə Sənədi Təşkilatın ölkəmizdə fəaliyyətinin planlaşdırılmasında və icrasında mühüm alət olmaqla, 2021-2025-ci illər üçün Azərbaycan Hökuməti və BMT-nin Ölkə üzrə İdarə Heyəti arasında əməkdaşlığa dair strateji istiqamətləri müəyyən edir. Çərçivə Sənədinin icrası üzrə Hökumət və BMT-nin ixtisaslaşmış qurumlarının ölkəmizdə fəaliyyət göstərən nümayəndələrindən ibarət Hökumət-BMT Birgə İstiqamətləndirici Komitə və Sənədin prioritet sahələri üzrə 5 istiqamətdə Nəticə Qrupları formalaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir