• Bz. Noy 24th, 2024

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib – FOTO

ByYenigun.news

Noy 28, 2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə Ermənistanla sülh müqaviləsini müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub.

C.Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir