Cari ilin yanvar ayından Maltanın ATƏT-də sədrlik dövrü başlayıb. Bu sədrlik ərəfəsində kibertəhlükəsizlik, qadınların sülh çərçivəsində fəaliyyətinə ayrılan diqqəti qiymətləndiririk. Eləcə də Maltanın ATƏT sədrliyi kontekstində ekologiya sahəsində fəaliyyəti də təqdirə layiqdir.
Oxu.Az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü zamanı səsləndirib.
O bildirib ki, Maltanın ATƏT-də hazırkı sədrliyi bu məkanda ciddi təhlükəsizlik problemlərinin olduğu dönəmə təsadüf edir:
“Bunun əsas səbəblərindən biri bir sıra üzv dövlətlər arasında inam və qarşılıqlı əməkdaşlığın olmamasıdır. ATƏT-in təməl prinsiplərinə riayət olunmaması bu kimi hallara səbəb olur. Azərbaycan daim ATƏT-in prinsiplərini gözləyib. Azərbaycan dövlətlərin çoxtərəfliliyə hörmətlə yanaşmasının önəmli olduğunu düşünür. Hesab edirik ki, ATƏT-in üzv dövlətlərinin də fəal iştirakı ilə təşkilatın bir dialoq platforması kimi rolunun artırılması üçün imkanlar mövcuddur”.
Nazir Ceyhun Bayramov Ermənistan, regionda olan post müharibə reallıqları, Ermənistan-Azərbaycan arasındakı keçmiş problemlər həll olunduqdan sonra atılan addımlar barədə də çıxış edib:
“Düşünürük ki, iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi effekt verir. Buna son altı ay ərzində bir sıra quruculuq tədbirlərinin aparılması misal gətirilə bilər. Aprel ayında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi, uzun illər işğal altında olan dörd kəndin azad edilməsi müsbət irəliləyiş kimi qiymətləndirilə bilər. Eyni zamanda, tərəfimizdən vurğulandı ki, uzun illər ərzində ATƏT daxilində keçmiş münaqişənin həllinə yönəlmiş təşkilatlar – keçmiş Minsk qrupu, eləcə də bir sıra digər təşkilat bu istiqamətdə 30 illik fəaliyyəti dövründə hər hansı müsbət addımlara getməmişlər.
Hesab edirik ki, münaqişə öz həllini tapdıqdan sonra mandatları tükənmiş, arxaik hesab edilən bu təşkilatların saxlanılmasında heç bir məna yoxdur. Bu, həm insan kapitalı, həm texniki baxımdan əlavə xərclər kimi qiymətləndirilir. Ona görə də biz bu kimi təşkilatlara istinad edilməsinin mövcud vəziyyətin normallaşmasına deyil, xələl gətirilməsinə xidmət edəcəyini düşünürük. ATƏT-in digər istiqamətlər üzrə regionlardakı vəziyyətə ciddi töhfə verə bilmək imkanı mövcuddur. Azərbaycanın ehtiyaclarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə partlamamış silah sursat, minaların təmizlənməsi üçün, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması prosesinə dəstək məqsədilə, eləcə də ətraf mühitinin öyrənilməsi, kibertəhlükəsizlik sahəsində yeni layihələrin icra edilməsi üçün potensial güclüdür Bu imkanlardan istifadə edilməsi arzuolunandır. Bu, Azərbaycanın istəkləri kimi qiymətləndirilə bilər və ATƏT-in bu istəklərə müsbət reaksiyası Azərbaycan və ATƏT arasında münasibətlərin müsbət istiqamətdə irəliləməsinə töhfə verə bilər”.