Bu gün xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Nazirlik məlumat yayıb.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin inkişafına müsbət töhfə verdiyi vurğulanıb. Nazir cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini və müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Nazir müavini Vasil Georgiev Azərbaycana səfərin çox məhsuldar olduğunu, zəngin işçi proqramın, o cümlədən siyasi məsləhətləşmələrin növbəti iclasının keçirildiyini, ikitərəfli görüşlərin təşkil edildiyini məmnunluqla qeyd edib. İki ölkə arasında siyasi müstəvidə çox yaxşı münasibətlərin mövcud olduğu, habelə iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüşdə, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, habelə Ukraynadakı vəziyyət və digər regional məsələlər də müzakirə edilib. Nazir Ceyhun Bayramov, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan ərazisindən keçməsi üçün müvafiq şəraitin yaradılmasına görə qarşı tərəfə minnətdarlıq ifadə edib.
Bolqarıstan xarici işlər nazirinin müavini, nazir Teodora Gençovskanın Azərbaycanlı həmkarını Bolqarıstana səfərə dəvət etdiyini səsləndirib.