“Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.
C.Bayramov deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üzrə iki dövlət arasında aparılan proses ilə yanaşı, milli səviyyədə ərazilərimizin otuz illik hərbi işğalının ağır nəticələrinin aradan qaldırılması məqsədilə genişmiqyaslı bərpa, yenidənqurma işlərinə başlayıb:
“Bu tədbirlər yüz minlərlə azərbaycanlının öz pozulmuş təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirməyi təmin etmək məqsədi daşıyır.hökumətin yorulmaz səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalı zamanı görünməmiş vandalizm aktına məruz qalan ərazilərə həyat qayıdır. Köçkün ailələrin ilk qrupları artıq öz doğma torpaqlarına qayıdıb. Təəssüf ki, Azərbaycan ərazilərində kütləvi şəkildə yerüstü minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün əhəmiyyətli maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır”.
Nazir qeyd edib ki, Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırır və insan tələfatının sayını artırır.
C.Bayramov vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bəri 315 nəfər Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanı olub. Bəzi minalar isə Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə köçürülüb və yerləşdirilib.