Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
C.Bayramov söyləyib ki, qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafla bağlı çağırışların artdığı dövrdə Özbəkistan, Azərbaycan və Türkiyə arasında yeni üçtərəfli platforma regional əməkdaşlığın inkişafına zəmin yaradır.
“Gözləyirik ki, xarici işlər, iqtisadiyyat, nəqliyyat nazirlərinin rəhbərlərinin iştirakı ilə bu unikal əməkdaşlıq formatı ikitərəfli əlaqələrlə yanaşı, sektorlararası qarşılıqlı fəaliyyətin, iqtisadi-ticari əlaqələrin, həmçinin transsərhəd biznes fəaliyyətinin genişlənməsinə töhfə verəcək”, – deyə nazir bildirib.
O, yeni platformanın gələcəkdə nəzərdən keçiriləcək daimi formata çevriləcəyinə əminliyini söyləyib.
“Nəqliyyat infrastrukturunun inkişafına əsaslanan nəqliyyat kommunikasiyaları sahəsində səmərəli və davamlı əməkdaşlığın təmin edilməsi məqsədilə bu əməkdaşlığı gücləndirmək üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir”, – Azərbaycan XİN rəhbəri əlavə edib.