• Ça. Noy 26th, 2024

Ceyhun Bayramov Quterreşin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib – FOTO

ByYenigun.news

May 2, 2024




Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, aparılan danışıqlar prosesi, habelə əməkdaşlıq məsələləri müzakirə olunub.

C.Bayramov Azərbaycanın karbohidrogen resurslarla zəngin ölkə olmasına baxmayaraq, milli səviyyədə könüllü şəkildə alternativ enerjiyə keçid istiqamətini tutduğunu, hazırda isə COP29 çərçivəsində beynəlxalq səviyyədə bu səylərə öz töhfəsini nümayiş etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

Bu istiqamətdə artıq bir sıra vacib görüş və tədbirlərin həyata keçirildiyi, habelə müxtəlif tərəflərlə bu kimi təmasların, o cümlədən BMT ilə mövcud əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyi qeyd olunub.

COP29 çərçivəsində danışıqlar prosesi barədə ətraflı məlumat verən nazir müxtəlif tərəflərin fərqli yanaşmalarına baxmayaraq, konsensusun əldə edilməsinin əhəmiyyətinin hər kəs üçün aydın olmasının müsbət göstərici olduğunu diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyi görüş zamanı vurğulanıb.

Xüsusi müşavir Selvin Hart Azərbaycanın hazırlıq prosesi üçün vaxt azlığı və sədrlik prioritetinin kompleks olmasına baxmayaraq, prosesin qısa müddət ərzində olduqca yaxşı təşkil olunmasının, habelə digər sədrliklərlə əlaqələndirilmənin təmini üçün “Üçlük” (“Troika”) formatının təsis edilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. COP29-un başlama tarixinin ölkələr üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) müəyyən olunacağı dövrə təsadüf etdiyi, bu baxımdan COP29-un yaxşı fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir