• Ça. Noy 26th, 2024

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib – FOTO

ByYenigun.news

Mar 15, 2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkədə səfərdə olan türkiyəli həmkarı Hakan Fidan ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər arasında keçirilən təkbətək görüş zamanı həm də Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.

Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb.

Ceyhun Bayramov həmçinin cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Ölkəmizə COP29-a sədrliyi dövründə uğurlar arzu edən nazir Hakan Fidan, Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir