Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ceyhun Bayramov nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə Azərbaycanın sədrlik etdiyi qurumlarda fəaliyyət, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, Azərbaycanın bu xüsusda irəli sürdüyü beynəlxalq təşəbbüslər və digər məsələlər ilə bağlı qarşı tərəfi məlumatlandırıb.
Nazir bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanın yaranması, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişafı, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.