• Ça. Noy 5th, 2024

Çin əzələlərini şişirdərək hakimlik etməyə çalışır – TƏHLİL

ByYenigun.news

Mar 17, 2023


Rusiya-Ukrayna müharibəsinin gedişatında Çinin sülh üçün artan təşəbbüsləri qlobal tərəzidə ağırlıq qazanır.

Çin hələ bundan əvvəl Rusiya-Ukrayna münaqişəsinin sülhlə yerinə oturdulması üçün 12 bənddən ibarət təkliflər paketini açıqlamışdı.

Görünür ki, Çin Ukraynadakı müharibənin genişlənməsindən narahatlıq keçirir və qabaqdangəlmişlik edərək özü üçün strateji müdafiə xətti tikir.

Hərçənd ki, Çinin sülh modeli NATO-nun genişlənməsinə qarşı diplomatik-siyasi etirazların motivlərini özündə ehtiva edirdi. Lakin Çin sülh planında ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığının altından qırmızı xətt çəkməklə də Rusiyaya mesajlar verirdi.

Halbuki müəyyən etmək çətindir ki, Çin ərazi bütövlüyü anlayışını hansı strateji qavrayışın içərisində tuturdu, bəlkə, Pekin Rusiyanın Ukraynada tutduğu əraziləri Rusiyanın sərhədləri çərçivəsində görür?

Sualın cavabını sonrakı mərhələdə Çinin Rusiyaya ölümcül silahlar ötürmək istəkləri ilə bağlı ABŞ-nin çaldığı həyəcan təbilində tapmaq olar.

Məntiqlə, Çin Rusiyanı hansısa analoqu olmayan silahlarla təmin etmək istəyirsə, deməli, o, Moskvanın maraqlarına xidmət edən aktlara üstünlük verir.

Ancaq bunun özünün də bir limiti var, Rusiya ilə Çin hər nə qədər strateji müttəfiq kimi gözə çarpsalar da, bu iki gücün bir-birinə qarşı rəqabət konteksti də diqqət çəkir.

Çin Rusiyanın Ukrayna bataqlığında zəifləyəcəyi versiyasını hesablayır, yəqin, buna görədir ki, Rusiyaya qarşı ərazi iddialarını bu dəfə rəsmi səviyyəyə qaldırır.

Təbii ki, Çin Rusiya ilə açıq hərbi qarşıdurma cəbhəsinə girməyəcək, bununla belə, indidən gələcək iddialarının tutarlılığını sığortalamaq üçün müəyyən informasiya əməliyyatları hazırlayır.

Bunun üçün ilk növbədə nə Rusiya, nə Qərb şüurunu mənimsəyən, əksinə, özünəməxsus şəkildə alternativ güc kimi formalaşan Çin Ukraynadakı nəticələri tərəfinə çəkməyi bacarmalıdır.

Çin sülh paketinin Qərbin süzgəcindən keçmədiyini gördükdən sonra Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində etibarlı moderator statusu almağa çalışaraq ikinci həmləsini edir.

Çin bu mərhələdə Rusiya ilə Ukrayna arasındakı danışıqlar raundunun hakimi olmağa can atır və siyasi həll variantlarının qapısını açmağa çalışır.

Çin Sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə ayrıca görüşlər keçirdikdən sonra mövqeləri təhlil edib üçtərəfli müzakirələr üçün tezislər yaza bilər.

Hərçənd ki, Çinin burada arxa kanal kimi dövriyyədə olması Qərb dairələri üçün ciddi siqnaldır, çünki Pekin Yaxın Şərqdən tutmuş Avropa, Cənubi Qafqaz, Arktika regionunda, Asiya-Sakit Okean zolağında və s. maraq dairələrini genişləndirir.

Çin bu yaxınlarda İranla Səudiyyə Ərəbistanı arasında barışığa da nail oldu, bunun uzunmüddətli olub-olmayacağı fərqli mövzunun predmetidir. Lakin Çin göstərir ki, o, başqa münaqişələrin həllini üzərinə götürə və konfliktlərin nizamlanması proseslərini Rusiya və ABŞ-nin monopoliyasından çıxarmağa qadirdir.

Taktiki mərhələlər üçün bu, Qərblə Rusiyaya sərf edə bilən mərhələ kimi görünə bilər, çünki onların hər ikisi Ukraynadakı müharibədən yorğun düşüb.

Strateji tabloya gəlincə, Qərb anlayır ki, Çin prosesləri Pekinin açıqladığı Qlobal Təhlükəsizlik Təşəbbüsü Konsepsiyasının daxilinə salaraq ekspansiyanı sürətləndirəcək.

Ona görə də Qərb Ukraynaya təkid edəcək ki, Çinin sülh planı və münaqişədəki rolu ilə bağlı siyasi qiymətləndirməni düzgün versin.

Üstəgəl, Qərb Çinlə Rusiyanın əməkdaşlığındakı dərinləşən özüllərin səbəbini belə təhlil edir ki, Pekin Ukraynanın xeyrinə Moskvadan uzaqlaşmayacaq.

Çinin vasitəçilik səyləri münaqişənin həlli ilə əlaqədar ümidlərin cücərməsinə səbəb olsa da, konfliktin böyümək riskinin qarşısını almaqda aciz qala bilər.

Çin böhranların həllində görünmə qabiliyyətini və yükünü artırdıqca Qərbin, pərdəarxasında isə bəzi məqamlarda Rusiyanın həmlələri ilə üzləşəcək.

Çinlə Rusiya arasındakı mübahisələrin aşkara çıxması hallarının artması proqnozlaşdırılabilən hadisələr sırasında yer alır. Ona görə ki, Rusiya Çindən gələn ərazi iddialarının motivlərinə diplomatik-siyasi cavab tədbirləri hazırlamağı özünə borc bilir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir