• Ca. Okt 31st, 2024

Çin ABŞ-nin “dost”unu əlindən almağa çalışır: Cinpinin səfərində gizlənən strateji dərinliklər – TƏHLİL + FOTO

ByYenigun.news

Dek 8, 2022

ABŞ hegemonluğunun qarşısına texnoloji yeniliklərlə və nəhəng iqtisadi ekspansiya ilə çıxan Çin indi Vaşinqtonun varlı müttəfiqlərini əlindən alıb öz çətiri altında ram etmək istəyir.

Çin Sədri Si Cinpinin Səudiyyə Ərəbistanı Krallığına yol alması Pekinin Ər-Riyada artan diqqəti və onu ABŞ-nin marşrutundan çıxarmaq cəhdi kimi şərh edilə bilər.

Çin lideri bir növ ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlikdən sui-istifadə edərək maraqlarının radiusunu genişləndirmək məqsədilə Ər-Riyadda yeni iqtisadi toxumlar səpir.

Dünya üzrə hökmranlığını spesifik hiyləgərliklərlə təmin edən Çin həmin toxumların böyüyərək bəhrə verməsi üçün krallıqla strateji tərəfdaşlıq əlaqələrini gücləndirən məqsədləri elan etmiş olur.

Çinlə Səudiyyə Ərəbistanının münasibətlərinin təməli də təəccüblü tezislərlə qurulub, məsələn, Ər-Riyad Tayvanın müstəqilliyini tanıyan bir xəttə sadiq qalsa da, Pekinlə ilkin əlaqələrini silah idxalı ilə quraraq dərinləşdirib.

1988-ci ildə Çin krallığa 50 ədəd “CSS-2” ortamənzilli ballistik raketlər verib və həmin zaman Vaşinqton bundan xəbər tutanda şok keçirib.

Həmin raketlər axırıncı dəfə 2014-cü ildə nümayiş etdirilib və o vaxtdan bəri onlar daha müasir Çin variantları ilə əvəz olunub.

Silahla başlayan odlu-alovlu münasibətlər sonrakı illərdə Çinlə Səudiyyə Ərəbistanını bir-birinə yaxınlaşdırıb və indi Pekin Ər-Riyad üçün ən böyük ticarət tərəfdaşı statusunu qazanıb.  

Çin bu gün milyardlarla dollar investisiyanı Fars körfəzi regionuna, o cümlədən krallığa yatırıb və vəziyyət Ər-Riyadın altdan-altdan müttəfiqi Vaşinqtona qarşı Pekinlə yaxınlaşmasını təmin edən bir hal alıb.

Bu, təhlükəsizlik sferasını da əhatə edir, bəzi məlumatlara əsasən, Çin Səudiyyənin Yəməndəki husilərə qarşı mübarizəsinə silah yardımı ilə dəstək verir, vəziyyət o həddə çatıb ki, Pekin öz balansında olan pilotsuz təyyarələrinin Səudiyyə Ərəbistanında istehsalı üçün Ər-Riyada lisenziya verib.  

Çin təhlükəsizlik sferasında digər dəstəyini Səudiyyə Ərəbistanının İranla bağlı narahatlıqları əsasında inkişaf etdirir, ehtimallara əsasən, Pekin Ər-Riyada nüvə silahı yaratması üçün düsturlar verir, hərçənd ki, Pekinin Tehranla münasibətləri də normaldır.

Bir sözlə, Çin ABŞ ilə krallıq arasındakı incikliklərdən potensial fayda götürmək təcrübəsini on illərdir ki, öz xeyrinə çevirir. Cinpinin səfəri ilə bağlı yaranan əsas suallardan biri budur:

Çin ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlikdən yaranan boşluqları öz maraqları ilə doldura biləcəkmi?

Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının Çinin maraqlarını güdən hərəkətləri davam etməkdədir. Bunu yuxarıda qeyd olunanlardan savayı, digər iki istiqamət üzrə də görmək olar:

1. Ər-Riyad ABŞ-nin neft hasilatını artırmaqla bağlı tələblərinə məhəl qoymur ki, bu da Rusiyanın Ukraynadakı müharibəsində Kremlin tərəfində durmaq və yaranan boşluqda Çinin önündə yaşıl işıq yandırmaq kimi yozulur;

2. Bu, Vaşinqtonun Səudiyyə Ərəbistanına təhlükəsizlik sferasında xərclər qoymaq səylərinə zərbə vurur.

Çinin Səudiyyə krallığını ABŞ-nin əlindən almaq cəhdləri fiasko ilə nəticələnməsə də, Ər-Riyadla Vaşinqtonun illərdir formalaşdırdıqları müttəfiqlik əlaqələrinə sarsıdıcı zərbə vurmaq limitinə çatmayacaq.

Çünki ABŞ-nin Yaxın Şərq üzrə siyasətinin açıq-gizli hərəkətverici qüvvələrindən biri də krallıqdır, bu, Ər-Riyadın özü üçün də sərfəlidir.  

Hər nə qədər Çinlə Səudiyyə Ərəbistanının münasibətləri çiçəklənmə dövrü yaşasa da, Pekin təhlükəsizlik qayğıları məsələsində Ər-Riyad üçün Vaşinqton qədər etibarlı tərəfdaş ola bilməz.

Si Cinpinin səfəri zamanı bağlı qapılar arxasındakı müzakirələrin aspektlərini bu istiqamətlərin perspektivləri təşkil edəcək. Çin liderinin səfəri yekunlaşandan sonra Vaşinqton Səudiyyə Ərəbistanına münasibətdə Çinə qarşı mübarizəsini ehtiyatlı səviyyəyə keçirəcək və Pekinin təsirinə qarşı rolunu cilalanmış şəkildə oynayacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir