• Ca. Noy 28th, 2024

Çin elçilik edir, iki rəqib barışır: Bəs sonrası? – TƏHLİL

ByYenigun.news

Mar 11, 2023

İranla Səudiyyə Ərəbistanı diplomatik əlaqələri kəsdikdən yeddi il sonra – 2023-cü il martın 10-da – ikitərəfli münasibətləri bərpa ediblər.

İran tərəfdən Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, Səudiyyə Ərəbistanı tərəfdən isə milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban arasında aparılan danışıqlar zamanı belə nəticə hasil olub.

Danışıqların moderatoru Çin Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru, ÇKP Siyasi Bürosunun üzvü Vanq Yi olub.

Çin Körfəz ölkələri regionuna əməllicə soxulur və ABŞ-nin təsirlərini azaltmaqda israrlıdır. Səudiyyə Ərəbistanı ilə əlaqələrin möhkəmləndirilməsi Çinin xarici siyasətinin prioritetlərindəndir və gedişat Vaşinqtonla Ər-Riyad arasında Ukrayna müharibəsi ilə bağlı yaranan fikir ayrılıqları kontekstində Pekinin xeyrinə doğru irəliləyir.

Tehranla Ər-Riyad arasındakı buzların əriməsi daha çox Çin mərkəzli nizamın çəkisini artıran strategiyanın tərkib hissəsidir.

Çinin məqsədi üçtərəfli və çoxtərəfli qaydada maliyyə-iqtisadi mexanizmlər yaratmaq və regionda şişən ticari maraqlarla möhkəmlənməkdir.

Ancaq İranla Səudiyyə Ərəbistanı arasında köhnə və mürəkkəb məsələlərin – Yəmən münaqişəsindən tutmuş İraqa investisiya qoymaq probleminə qədər – həll edilməsi çətin görünür.

Çin üçün İranla Səudiyyə Krallığının başqa ərazilərdə bir-birlərini didmələri o qədər də maraqlı deyil, sadəcə, Pekin iki ölkəni birlikdə elə stimullaşdırır ki, buradan yalnız özü karlı çıxsın.

Ümumiyyətlə, Çinin Yaxın Şərq məşğulluğunun mahiyyəti iki inancdan bəhs edir.

Birincisi, Çin “Bir kəmər, bir yol” təşəbbüsündəki layihələrə, gələcəyin infrastruktur və texnologiyalarına böyük sərmayələr qoymaqla strateji maraqlarını möhkəmləndirir.

Deməli, Pekinin regional və qlobal maraqları enerji təhlükəsizliyi və iqtisadi əlaqələrlə məhdudlaşmır və maraqların strateji miqyası boyunca genişlənməni özündə cəmləşdirir.

İkincisi, Çin özünün nəhəng konsepsiyasını ABŞ-nin qlobal üstünlüklərini əvəz edə biləcək alternativlər kimi nəzərdən keçirir. Bu xətt Çinin regional və beynəlxalq təhlükəsizlikdə iştirakını gücləndirmək əzmini nümayiş etdirəcək.

ABŞ isə Çinin alternativlərini Yaxın Şərqə eksklüziv ideyalar təqdim edərək neytrallaşdıra bilər.

Bu ideyalar qarşılıqlı gərginlikləri azaltmaq tematikasına əsaslansa, Vaşinqton daha qazanclı çıxar.

İlkin konseptual baxışların təsviri hər nə qədər cəlbedici səslənsə də, məsələnin dərinliyindəki konfliktlər praqmatik ideyaların üstə çıxıb təsirlər qazanmasına əngəllər yaradır.

Çünki İran ABŞ və İsrailin ona qarşı davam edən hədələrinə qarşılıq olaraq özünə bir dayaq axtarmaq məcburiyyətindədir, ancaq düşünmək çətindir ki, Çin Tehranın nüvə proqramını əhəmiyyətli şəkildə dəstəkləyir.

Tehran Çinin bu mövqeyini köklü dəyişməyə can atmır. İran, sadəcə, razılaşmanı Səudiyyə Ərəbistanı ilə İsrail arasında inkişaf edən münasibətləri yavaşlatmaq üçün bir fürsət kimi qiymətləndirir.

Ancaq Çinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırması sabitlik baxımından təhlükəsizlik vəziyyətində böyük bir dəyişikliyə səbəb olmayacaq.

Çünki İran və Səudiyyə Ərəbistanı bir-birlərinə daim ehtiyatlı gözlə baxmağa davam edəcəklər. Onlar regional dominantlıq kimi strateji hədəflərini dəyişməz saxlayırlar.

Sual yaranır: İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən kəskinləşərsə, burada Çinin, yoxsa ABŞ-nin təqdim edəcəyi tənzimləmə alətləri üstünlük qazanacaq?

ABŞ-nin maraqlarında sərt daralmalar sistemli olacaqsa, Çin vasitəçiliklərini davam etdirəcək, üstəgəl, bu moderatorluq digər regional münaqişələri də əhatə edə bilər.

Çinin İranla Səudiyyə Ərəbistanı arasındakı elçiliyindən sonra Tehran Yaxın Şərqdə üstün vitrinlərə çıxa biləcəksə, bunun uclarını Cənubi Qafqaza da gətirməyə çalışacaq.

Hərçənd ki, dövlətlərin siyasətləri regionlar üzrə fərqli müttəfiqlər axtarışına söykənir, məsələn, Çin Cənubi Qafqazda İranla deyil, Türkiyə və Azərbaycanla əməkdaşlığa üstünlük verə bilər.

Ancaq istənilən halda, Azərbaycan prosesləri və bunun digər regionlarda hansı təsirlər yaradacağını diqqətlə izləməli və düzgün strateji nəticələr çıxarmalıdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir