• Ça. Noy 26th, 2024

Çinin 12 bəndlik sülh planı: Həm qorxutma aktı, həm strateji fənd – TƏHLİL

ByYenigun.news

Fev 27, 2023

Avroatlantik məkanın təhlükəsizliyinin Ukraynadakı müharibə səbəbindən ağır təhdid altına düşməsi, deyəsən, Çini da cuşa gətirir.

Çinin Ukraynadakı münaqişədə siyasi və praktiki əhəmiyyətini artırmaq üçün aktivləri bir əldə cəmləməsi cəhdi NATO-nun qaydalarına əsaslanan nizamla uyğunluq təşkil etmir. 

Münhen Təhlükəsizlik Konfransından sonra Çin amilinin münaqişədəki iştirak səviyyəsinin koordinatlarını müəyyənləşdirməsi bir sıra dərin mətləblərin açarını təqdim edir.

ABŞ-nin təbirincə desək, Çin Rusiyaya ölümcül silahlar ixrac etməyi ciddi şəkildə nəzərdən keçirir – bu, Ukraynanın hərb meydanındakı nisbəti Kremlin xeyrinə dəyişdirə bilər. Qərb üçün ən təhlükəli tərəf Çin dronlarının və ballistik raketlərinin Rusiyaya tədarük edilməsi riskləridir.

Beləcə, NATO-nun Ukraynanı, İranın Rusiyanı silahlarla təmin etməsinin davamını Çin gətirir. Yəni Qərb-Kiyev ittifaqına qarşı Moskva-Tehran-Pekin oxu formalaşdırılır.

Çin münaqişənin nəticələrinin iqtisadi yekunlarında monopoliya yaratmaq üçün oyunçuluğunu gücləndirməyi zərurət hesab edir, yəni Pekin Moskvanı və Tehranı mühafizə etməyi deyil, onların vasitəsilə özünəməxsus qaydalar qurmağı hədəfləyir.

Çin məqsədlərinə çatmaq, yəni münaqişənin mümkün həllindən sonra yaranan iqtisadi mənzərələrdən maksimal qazanclar əldə etmək üçün 12 bəndlik sülh planını da hazırlayıb.

Belə bir planın ərsəyə gəlməsi Çinin Rusiyaya silah verməsi barədə həyəcanlı məlumatlar, bəyanatlar fonunda bir məsələni dəqiqləşdirir:

Çin ölümcül silahlarla Qərbi qorxudur, məqsədi NATO-nu Ukrayna meydanından geri çəkib, prosesləri öz sülh planına uyğun tərtib etmək və yarana biləcək nəticələri Rusiya ilə bölməkdir.

Hərçənd ki, Çin Xarici İşlər Nazirliyinin açıqladığı 12 bəndlik sülh planının narrativləri zahiri cəhətdən qulağa xoş səslənir. Həmin bəndləri başlıqlarla təqdim edirik:

1. Bütün ölkələrin suverenliyinə hörmət;

2. Soyuq müharibə zehniyyətindən imtina;

3. Hərbi əməliyyatların dayandırılması;

4. Sülh danışıqlarının bərpası;

5. Humanitar böhranın həlli; 

6. Mülki və hərbi əsirlərin müdafiəsi;

7. Atom elektrik stansiyalarını təhlükəsiz saxlamaq;

8. Strateji risklərin azaldılması; 

9. Taxıl ixracının asanlaşdırılması;

10. Birtərəfli sanksiyaların dayandırılması; 

11. Sənaye və təchizat zəncirlərinin sabit saxlanılması;

12. Münaqişədən sonra yenidənqurmanın təşviqi.

Bəndlərin mahiyyəti NATO-nun genişlənmə siyasətinin ziddinədir və Alyansa xəbərdarlıq tonundadır. Çünki təhlükəsizliyə dair Çin baxışı ilə Qərbin mövqeləri bir-birindən uzaqdır.

Çinin təklif etdiyi sülh təklifləri uzaqlaşmış mövqeləri bir-birinə yaxınlaşdıra biləcək potensiala malik deyil. Pekin özü bunu yaxşı bilir, ona görə də güc vasitəsilə, yəni Rusiyaya silah ixracını stimullaşdırmaqla Qərbin geri çəkilməsinə çalışıb, özünü üstün mövqelərə çıxarmaq istəyir.

Qərb Pekinin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış etmək üçün beynəlxalq etimadının olmadığını əsas gətirərək Çinin sülh planını böyük ölçüdə kənara tullayır.

Beləliklə, Çin Ukraynadakı müharibəni yekunlaşdıra biləcək etibara malik olmadığından onun sülh planı münaqişədə Rusiyanın tərəfini tutan tezislərin inkişaf etdirilməsi kimi şərh oluna bilər.

Çin baş verəcəkləri hesablayır, bilir ki, onun Ukrayna müharibəsində Rusiyanın xeyrinə aşkar manevrlər etməsi Pekini sanksiya zərbəsinə tuş gətirə bilər.

Belə olan təqdirdə, sanksiyalardan yayınmaq üçün ən münbit ölkə Belarusdur, buna görədir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Çinə səfəri gözlənilir.

Lukaşenko Kremlin təlimatları ilə Rusiya və Çinə sanksiyalardan yayınmaqda kömək etmək vəzifələrini icra etmək məsuliyyətini daşıyır.

PROQNOZLAR:

1. Çinin sülh tezisləri Ukraynadakı müharibənin danışıqlar yolu ilə nizamlanması üçün ciddi plan deyil və əsasən, NATO tərəfindən rədd edilməyə davam edəcək. Çünki NATO düşünə bilər ki, Çinin sülh planı Rusiya əvəzinə, Ukrayna və Qərbin təqsirkar olduğunu təlqin edir və Rusiyanın müharibəni təşkil etməsini dəstəkləyir.

2. Çin yaranan qeyri-müəyyənlikdən Avropa bazarlarına çıxışı saxlamaq səyləri üçün istifadə edəcək və daha böyük gəlir əldə etmək üçün çalışacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir