• Ç. Noy 27th, 2024

Demokratiya təntənəsi: CHP-nin qalibiyyəti, hakim partiyanın edə biləcəkləri, sürpriz üçüncü yer – ŞƏRH

ByYenigun.news

Apr 1, 2024

Türkiyədə cəmi 23 illik tarixi olan hakim Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkisində bir əsrlik yaşı olan Cümhuriyyət Xalq Partiyasına (CHP) məğlub oldu.

Bu, Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu zaman kəsiyində CHP-nin ilk qələbəsidir. CHP bələdiyyə seçkisinə ittifaqsız girdi və son 22 ildə AKP-yə ilk dəfə qalib gələrək zəfərə imza atdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli seçkilərin nəticələri ilə bağlı verdiyi açıqlama zamanı deyib ki, istədikləri nəticəni əldə edə bilməsələr də, hər işdə bir xeyir var. Böyük ehtimalla Ərdoğan bununla seçki nəticələrindən sonrakı dövrü fürsətə çevirə bilmək siyasəti ilə bağlı anons verir.

Ölkədə ötən ilin mayında keçirilən parlament və prezident seçkilərində qalib gələn Ərdoğan dünyaya əsl demokratiya dərsi keçmişdi.

Türkiyə lideri bu dəfə bələdiyyə seçkisinin nəticələrini qəbul edərək ölkədə azad, şəffaf, ədalətli seçki olduğunu bir daha diqqətə çatdırdı.

Prezident seçkisi Türkiyə seçicilərinin mürəkkəb geosiyasi şəraitdə Ərdoğanın xarici siyasətinə dəstək verərək təhlükəsizlik qarantiyası üçün iradəsini əks etdirirdi.

Bələdiyyə seçkisinin nəticələri isə Türkiyə seçicisinin təhlükəsizlik panoramına deyil, rifah səviyyəsi ilə bağlı yeni gözləntilərə verdiyi reaksiya kimi başa düşülə bilər.

Hər halda, seçkidə CHP-dən geri qalmasından sonra hakim partiya da nəticələri doğuran səbəbləri ciddi təhlil edib boşluqları görməlidir. İdarəetmədən tutmuş hakim partiyanın bələdiyyə institutunda buraxdığı nöqsanlar araşdırılıb növbəti mərhələyə hazırlıq işləri başlamalıdır.

Ərdoğan buna görədir ki, çıxışında deyib: “Bölgələrdə enişin səbəblərini müzakirə edəcəyik. İtirdiyimiz hər yerdə səbəbləri çox yaxşı müəyyən edəcək və lazımi müdaxilələri edəcəyik”.

Ədalət və İnkişaf Partiyası indi 2028-ci ildə keçiriləcək prezident seçkisinə hazırlaşır. Onun həmin seçkidə namizədinin kim olacağı bəlli deyil, amma hakim partiya seçkidən qalib çıxmaq istəyirsə, o zaman bələdiyyə bölgüsündə üzərinə düşən payda CHP ilə ciddi rəqabət yaratmalıdır.

Başqa bir mövzu da var ki, CHP-nin bələdiyyə seçkisindəki qələbəsi ilə hakim partiyanın dövlət idarəetməsində yükü azalır. Bunu CHP-də anlayır və ittihamlarla üzləşməmək üçün qalib olduğu regionlarda faydalı iş əmsalına diqqət etməlidir.

CHP bələdiyyə idarəetməsində effektiv iş görə bilməsə, Ədalət və İnkişaf Partiyası böyük ustalıqla rəqibinin buraxdığı boşluqlara sızaraq növbəti bələdiyyə seçkisində nəticələri dəyişə bilər.

İndidən bu barədə danışmaq çox tez olsa da, yaxın gələcək üçün hər iki partiyanın bələdiyyə institutları ilə əlaqədar qarşılıqlı ittihamlarının genişlənəcəyi istisna deyil.

Yenidən Rifah Partiyası öz namizədləri ilə keçirdiyi ilk yerli seçkilərdə CHP-dən sonra səslərini ən çox artıran partiyadır. O, Ədalət və İnkişaf Partiyası ilə yanaşı, Milliyyətçi Hərəkat Partiyasının, İYİ Partiyanın da dayaqlarını silkələyərək üçüncü yerdə qərarlaşıb.

Bu nəticələr hakim partiyadan narazı olan seçicilərin Yenidən Rifahı üstün tutduqlarını ortaya qoya bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir