“Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu Azərbaycan dövlətinə edilən qəsd kimi qiymətləndirilməlidir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanın İrandakı səfirliyinə səhər saat 08:30 radələrində edilən silahlı hücuma münasibət bildirərkən deyib.
Deputat bunu Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib:
“Hücumun arxasında kimlərin dayandığının müəyyənləşdirilməsi, terrorçunun tapılmasının təmin edilməsi İranın hüquq mühafizə orqanlarının üzərindədir. Təcili şəkildə müvafiq işlər görülməli və cinayətkar tapılaraq məhkəmə qarşısına çıxarılmalıdır. Bütün bunlar haqqında rəsmi Bakıya izahat verilməlidir”.
V.İskəndərov qeyd edib ki, son zamanlar Azərbaycan səfirlərinə qarşı edilən üçüncü hücumdur:
“Parisdə, Londonda da bu kimi hadisə baş verdi. Bütün bunlar Azərbaycanın qələbəsini gözü götürməyən, ölkəmizin regiondakı lider statusuna, yeni yaratdığı geosiyasi konyunkturasının ləngidilməsinə yönələn addımlar sayılır. Digər məsələ İranın yeritdiyi düşmən siyasətidir”.
Müsahibimizin sözlərinə görə, İran bütün yollarla Azərbaycanı sıxışdırmağa çalışır:
“Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistan qədər narahat olan İran bütün yollarla Azərbayacana qarşı təxribat törətmək, silahlı basqınlara cəhd etmək, siyasətçilərin dili ilə Azərbaycanı təhdid etmək, təlimlər keçirməklə Azərbaycanı sıxışdırmağa çalışır. Lakin İran unutmasın ki, 90-cı illərin Azərbaycanı yox, qarşısında sivil, inkişaf edən, həm hərbi, həm siyasi, həm də iqtisadi gücü dünyaya bəlli olan Azərbaycan var”.
Vüqar İskəndərov əlavə edib ki, Azərbaycanla bu dildə danışmaq yolverilməzdir:
“Biz bu terror aktının dünya birliyi tərəfindən pislənməsini gözləyirik. Bütün dünya terrora qarşı – “yox!”, – deməlidir. Diplomantlara edilən hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ona görə də beynəlxalq aləm bu məsələyə öz münasibətini bildirməlidir. Rəsmi Bakı dövlətlərdən hər birindən bu xain terror hücumuna qarşı öz münasibətini bildirməsini gözləyir”.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Nəzrin Vahid