“Azərbaycan 30 il Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin icrasının təmin olunması istiqamətində 27 sentyabr 2020-ci il tarixində torpaqlarımızı zəbt etmiş qeyri-qanuni silahlı qüvvələrin öz ərazilərindən çıxarılmasını təkbaşına həyata keçirib. Beləliklə, 44 günlük İkinci Qarabağ – Vətən müharibəsindən sonra 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri Üçtərəfli Bəyanata imza atdılar”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, doqquz bənddən ibarət Bəyanatın icrası 2025-ci ilə qədər nəzərdə tutulub və postmüharibə dövründə bu bəndlərin icrası istiqamətində əməli tədbirlər həyata keçirilir:
“Nəticədə Azərbaycanın ədalətli zəfərini Ermənistan da daxil olmaqla bütün dünya dövlətləri dəstəkləyib, Ermənistan-Azərbaycan arasında Sülh Sazişinin imzalanması üçün Moskva, Vaşinqton və Brüsseldə danışıqlar prosesində ölkəmiz tərəfindən irəli sürülmüş müqavilənin beynəlxalq prinsiplərə uyğun olduğu təsdiqlənib. Ermənistan hökuməti də öz növbəsində Nikol Paşinyanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycana qarşı hər hansı bir ərazi iddiasının olmadığını bəyan edib.
Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasında bütün tərəflərin çağırışlarına həssaslıqla və diqqətlə nəzarət edir, əmin-amanlığın təmin olunmasını həyata keçirir.
Lakin, 9 sentyabr tarixində Azərbaycanın Qarabağ İqtisadi Zonasındakı erməni separatçılar Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq qondarma prezident seçkisi keçirib.
Bu, haqlı olaraq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən pislənilib. Belə ki, Böyük Britaniya, Pakistan, Ukrayna, Moldova, Avropa İttifaqı, Türkiyə, eləcə də bir çox qlobal və regional beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş “seçkilər” pislənilib, eyni zamanda separatizmə xidmət göstərən bu kimi əməllərin artıq yolverilməz olduğu bəyan edilib”.
Deputat əlavə edib ki, keçirilən qondarma seçkilər bu gün də dünya dövlətləri tərəfindən pislənilməkdə davam edir:
“Bu gün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası hər hansı bir dövlətin suveren ərazisində qeyri-qanuni qruplaşmaların fəaliyyətinə imkan vermir və bu kimi hallar dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilməlidir.
Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını qeyri-qanuni separatçılardan təmizləyib, hazırda ardıcıl olaraq viran qoyulmuş və dağıdılmış bütün tarixi irs abidələrinin yenidən qurulması işlərini uğurla həyata keçirir. Görülən tədbirlər Cənubi Qafqaz regionunun bütün subyektləri üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əlverişli şərait yaradacaq, həmçinin burada yaşayan bütün xalqlar üçün yüksək rifah və firavan gələcəyi təmin edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.
Ümumiyyətlə, Azərbaycanda yaşayan bütün xalqlar, etnik azlıqlar dinindən, irqindən, millətindən asılı olmayaraq, Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində azad və sərbəst yaşamaq hüququna malikdirlər. Bu baxımdan, Qarabağ İqtisadi Zonasının Xankəndi və ətraf ərazilərində də məskunlaşmış ermənilərin Azərbaycan ərazisində Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşanması təmin olacaq”.