“27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum nəticəsində dünyasını dəyişmiş diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərova Allahdan rəhmət diləyir, yaralananlara, eləcə də zərərçəkmişlərə tezliklə sağalmalarını arzu edirik”.
Bunu Oxu.Az-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat qeyd edib ki, bu hadisəni törədənlər dərhal məsuliyyətə cəlb olunmalı, sifarişçilər həbs olunmalı, bu kimi vəhşiliklərə son qoyulmalıdır:
“18 aprel 1961-ci il tarixində qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən olunmuş müddəalara əsasən, Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olunmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin üzərinə düşən öhdəlikdir. İnanıram ki, bu kimi vəhşiliyi və vandallığı törətmiş şəxslər, eləcə də onların himayədarları İran dövləti tərəfindən tezliklə rəsmən ifşa olunacaq, beynəlxalq hüquq və normalar çərçivəsində törədilmiş cinayət aktına münasibət bildiriləcək”.