“Bizim Türkiyə və Pakistanla münasibətlərimiz müstəqillik tariximizin bütün dövrlərində, xüsusən, İkinci Qarabağ müharibəsi dövründə ən ağır sınaqlardan çıxıb”.
Bunu “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcab Tayyib Ərdoğanın ardınca Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri yüksək səviyyədə olan Bakı-İslamabad müttəfiqliyi ilə bərabər, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə formalaşdırdığı tərəfdaşlıqların uğurla möhkəmləndiyini göstərir:
“Reallıqdır ki, bu gün Azərbaycan İlham Əliyevin sayəsində çox ciddi qlobal oyunçu, Azərbaycan Prezidenti özü isə beynəlxalq münasibətlər sistemində nüfuzlu və qəbuledilən siyasətçidir. Pakistan isə dünyanın ən böyük əhali ehtiyatlarından birinə, nüvə potensialı olan ciddi hərbi gücə və iri iqtisadiyyata malik beynəlxalq subyektdir.
Bakı-İslamabad əlaqələri siyasi müstəvi ilə bərabər, həm də xalqlar arasında qarşılıqlı sevgi və ehtiram xarakterinə malik nadir qlobal təcrübələrdən biridir. Azərbaycan xalqı 44 günlük savaşdakı qələbəmizdə Pakistanın beynəlxalq səviyyədə verdiyi siyasi dəstəyi və qlobal arenada tutduğu prinsipial mövqeni yüksək qiymətləndirib, paytaxtdan bölgələrə qədər Pakistan bayraqları daim ehtiramla dalğalandırılıb. Bu gün mətbuat üçün birgə bəyanatda da Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”.
Eyni zamanda, Azərbaycandan həm Kəşmir məsələsində ulu öndər Heydər Əliyevin zamanından etibarən sərgilənən aydın və dəyişməz mövqe, həm Pakistanın mənafelərinə İlham Əliyevin qlobal müstəvidə verdiyi açıq dəstək, habelə Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar layihələr, o cümlədən, dəfələrlə təbii fəlakət zonalarında ilk olaraq Azərbaycandan gələn dəstək Pakistan xalqında Azərbaycana xüsusi rəğbət yaradıb. Cənab Şahbaz Şərifin Bakıda ifadə etdiyi kimi, “Pakistan xalqı da Azərbaycan xalqını sevir”.
Deputat əlavə edib ki, Pakistan, qardaş Türkiyə və Səudiyyə Ərəbistanı kimi Ermənistan ilə məhz İrəvanın işğalçı siyasətinə görə diplomatik münasibətlər qurmayan ölkədir. Bu qətiyyətli mövqe isə yalnız Azərbaycan-Pakistan münasibətləri çərçivəsində yox, bütövlükdə islam dünyasının həmrəyliyi baxımından çox önəmli olan amil və islam həmrəyliyi konsepsiyasını ehtiva edən ən gözəl nümunələrdən biri olmaqla Azərbaycanla ortaq tarixi keçmişi bölüşən, “din qardaşımız” olsa da, təcavüzkar Ermənistanla əqidə və iman ortağı olan İran üçün də haqq yoluna gəlməsi baxımından istinad edə biləcəyi müstəsna nümunədir:
“Bu gün Pakistan Azərbaycan üçün, Azərbaycan isə Pakistan üçün çoxtərəfli əlaqələrdə mühüm körpüdür və yeni dünya düzənində bu əlaqələr taleyüklü əhəmiyyətə malikdir.
Bu mənada, münasibətlərimizin dəyişən geosiyasi arxitekturaya uyğunlaşması, yeni tələblərə cavab verən transformasiya çox vacibdir. Cənab Məhəmməd Şahbaz Şərifin səfəri bu baxımdan gözəl imkandır. Xüsusən, Rusiya-Ukrayna münaqişəsi fonunda dərinləşən qlobal qütbləşmə prosesini fürsətə çevirərək Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq, qardaş dövlətin enerji təhlükəsizliyində pay sahibi olmaq, habelə hərbi və müdafiə sənayesi sahəsində tərəfdaşlığı dərinləşdirmək üçün ciddi zəmin formalaşıb. Bundan başqa, bu gün ali qonağın Bakıdan da ifadə etdiyi kimi, Pakistan-Azərbaycan-Türkiyə platforması Pakistan-Azərbaycan-Səudiyyə Ərəbistanı, Pakistan-Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri, Pakistan-Azərbaycan-Qətər müstəvilərində genişlənə bilər ki, bu da müstəsna qlobal güc deməkdir”.