• Ca. Okt 31st, 2024

Deputat: “Mixail Aleksandrovu vəzifədən azad etmək onu cinayət məsuliyyətindən qurtarır” – FOTO

ByYenigun.news

Dek 19, 2022

“Rusiyanın Cinayət Məcəlləsində milli ədavətin salınması ilə bağlı cinayət tərkibli maddələr var. Bu isə birmənalı şəkildə Bakıya raket zərbələri endirməyi və Azərbaycanın neft-qaz infrastrukturunu bombalamağı təklif edən Mixail Aleksandrov haqqında cinayət işinin başlanmasına səbəb ola bilər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. Millət vəkili qeyd edib ki, bəzən demokratiya adı altında insanlar ekspert qismində heç bir fakta söykənməyən açıqlamalar yayırlar:

“Əgər sülhdən, sülhməramlı maraqlardan söhbət gedirsə, bilmək lazımdır ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti olmuş Mixail Aleksandrovun Azərbaycan-Ermənistan münaqişəsinə olan birtərəfli münasibəti heç də sülhün bərqərar olmasına xidmət etmir. Məlumdur ki, erməni diasporunun nüfuz dairəsində olan, maddi cəhətdən erməniləri dəstəkləməyə təhrik edilən qüvvələr həddən çoxdur. Alimlər, siyasətçilər, jurnalistlər – bir sözlə, müxtəlif peşə sahibləri arasında onları görmək olar. Əgər bir insan Bakıya raket zərbəsi endirməklə bağlı Rusiyanın mərkəzi televiziyasından çıxış edirsə, deməli, ya həmin şəxsin psixi durumu yerində deyil, ya da Ermənistan xüsusi xidmət orqanlarının, təşkilatların nümayəndəsidir”.

Deputat Mixail Aleksandrovun işindən azad edilməsini təbii hal kimi qiymətləndirib:

“O yenə də öz fikirlərinin üzərində duracaq. Əsas məsələ onun günahkar olduğunu sübut etmək və cinayət işinin qaldırılmasını təmin etməkdən ibarətdir ki, bir daha bu məsələlərə qayıtmağa cəhd etməsinlər. Məlumdur ki, Şuşa-Xankəndi yolunda dinc aksiyada hər hansı bir təxribata çağırış yoxdur. Söhbət ekoloji monitorinqdən gedir, amma bunu “İnsan hüquqları tapdalanır və Bakı buna görə məsuliyyət daşıyır” kimi qələmə vermək məhz Aleksandrov haqqında cinayət işinə başlamağa səbəb verir. Yəni bu gün Aleksandrovun vəzifədən azad edilməsi cinayətdən onun canını qurtarmaq deməkdir. Düşünürəm ki, Rusiya ictimaiyyəti arasında millətindən asılı olmayaraq Azərbaycana hörmətlə yanaşan, eyni zamanda Azərbaycanın qələbəsi üçün vaxtilə müxtəlif mesajlar verən həddən çox ziyalı var. Lakin Aleksandrov kimiləri də var və onlar bu və ya digər şəkildə öz cəzalarına çatacaqlar”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir