Gürcüstanda “Xarici Agentlərin Qeydiyyatı haqqında” qanun layihəsinin parlamentdə ikinci oxunuşda qəbul edilməsi müxalifətin etirazlarını gücləndirib.
Qərbmeyilli qüvvələr hesab edirlər ki, qanun layihəsi Rusiyanın maraqlarına xidmət edir. Gürcüstan hökuməti isə bildirir ki, xarici təşkilatlardan maliyyələşən QHT-lər maliyyə hesabatları verməlidirlər. Bu məsələ Gürcüstanda ciddi etirazlara səbəb olub. Polislə hökumət qüvvələri arasında bir neçə toqquşma baş verib.
Milli Məclisin deputatı Vüqar İskəndərov Gürcüstandakı proseslərlə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
Deputatın sözlərinə görə, zaman və təcrübə onu göstərdi ki, ABŞ başda olmaqla Qərb öz məqsədlərinə çatmaq üçün bütün vasitələrə əl atır. Millət vəkili bildirib ki, Qərb əsasən də SSRİ-dən ayrılaraq öz müstəqilliklərini qurmuş dövlətləri öz nəzarəti altına almaq istəyir.
“Qərb postsovet məkanında istədikləri hakimiyyəti, dövlət quruluşunu formalaşdırmağa çalışıb. Azərbaycan o ölkələrdən oldu ki, ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan öz milli maraqlarını dünya arenasına çıxara bildi. Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Bundan başqa çevik və mükəmməl siyasəti ilə dövlətimizin milli maraqlarını qlobal aləmdə güclü mövqelərə yerləşdirdi”, – deyə o bildirib.
Vüqar İskəndərovun sözlərinə görə, zamanında müəyyən qüvvələr vasitəsilə Azərbaycanda da iğtişaş törətməyə cəhd edilib:
“Azərbaycanın nüfuzunun artması bir çox Qərb dairələrini narahat edib. “Beşinci kolon”un vasitəsilə qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətlərinə maliyyə ayırmaqla Azərbaycanda da kifayət qədər belə cəhdlər olub. Hər birinin qarşısı qətiyyətlə alınıb. İyirmi birinci əsrdə donmuş münaqişələrin fonunda yeganə Azərbaycan oldu ki, bu münaqişəni donmağa qoymadı və beynəlxalq hüquq-norma prinsiplərinə əməl etməklə ədaləti öz xeyrinə həll etdi”.
Deputat qeyd etdiklərinin fonunda Gürcüstandakı hadisələrə münasibət bildirib:
“Qərbin Gürcüstanda iğtişaşlar yaratmağa cəhd etməsi, bir neçə ay bundan qabaq bir qrup gəncin casus kimi ifşa edilməsi, bir neçə Qərb ölkəsi vətəndaşlarının ölkədən təcili çıxarılması dediklərimizə bariz nümunədir. Qərbin, əsas da ABŞ-nin Ukraynaya söz verdiyi məsələlərin arxasında durmaması, eləcə də Əfqanıstanda, İraqda, Gürcüstanda, Moldovada və s. ölkələrdə də eyni ssenari ilə davam etməsi bugünkü yekun məntiqi sonluqda həmin ölkələrin hansı çətinliklərlə üzləşdiklərinin şahidi oluruq. Təbii olaraq “gözü çıxan qardaş” məsəlini unutmamalıyıq. Qərbin son verdiyi, amma əməl etmədiyi siyasətin ucbatından qeyd etdiyimiz ölkələr bunun əziyyətini hələ də yaşayır. Ölkəmiz doğru və düzgün yoldadır. Prezidentimizin zərgər dəqiqliyi ilə hesablanmış siyasəti mövcuddur. Həmişə olduğu kimi gələcək inkişaf modelimizdə də milli maraqlarımıza söykənən siyasətlə uğurlar qazana biləcəyik”.
Almaz Qasımova