• Bz. Noy 3rd, 2024

Deputat səhiyyə sahəsini, “göndəriş” məsələsini tənqid etdi

ByYenigun.news

Mar 17, 2023


“Vətəndaşların dərman təminatına əlçatanalığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci il fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib. 

Deputat qeyd edib ki, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olması doğru deyil. 

“Hazırda şəxs müalicə və müayinə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq tibb müəssisələrində olmadığı halda və dövlət xəstəxanasının göndərişi əsasında müraciət edə bilər. Bu da vətəndaşın tibb müəssisəsini və həkimi seçmək hüququnun pozulmasıdır. Bununla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır”, – deyə o əlavə edib. 

Musa Quliyev qeyd edib ki, həmin sahədəki mövcud vəziyyət inhisarçılığa və digər neqativ hallara da yol açır. 

“Klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır. Digər bir narahatlıq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlıdır. Bu qiymətlərə də yenidən baxılmasınını təklif edirəm”, – deyə komitə sədri bildirib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir