• Ca. Noy 28th, 2024

Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb – FOTO

ByYenigun.news

Sen 22, 2023


Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları sentyabrın 19-da Ermənistanın işğaldan azad olunmuş ərazilərində törətdiyi mina terroru ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün səylərini birləşdirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Diaspor fəallarının yaşadıqları ölkələrin dövlət, hökumət və XİN başçılarına, parlamentlərin deputatlarına, yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərində ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatların və terror hücumlarının törədilməsi hiddətlə pisləyib.

Bremen Azərbaycan Mədəniyyət Evi adından Almaniya Kansleri Olaf Şoltsa ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması soydaşlarımızı dərindən narahat edib.

Çex Respublikasında fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin adından dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışının Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atdığı vurğulanıb.

Belqrad Universitetinin nəzdindəki “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” adından dünya ictimaiyyətinə ünvanlanan bəyanatda qeyd olunub ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub.

Slovakiya Azərbaycanlıları Cəmiyyəti adından dünya ictimaiyyətinə ünvanlanan bəyanatda dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırılıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Reyn-Ziq bölgəsinin klinika direktoru, tibb elmləri doktoru Nuran Abdullayev Almaniyanın xarici işlər naziri Annalena Berbok və Almaniya XİN-in dövlət katibi Andreas Mixaelisə müraciət edərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılmış lokal antiterror tədbirlərinin bəzi alman KİV-də birtərəfli və qərəzli işıqlandırılmasına etirazını bildirib.

Nuran Abdullayevin Köln şəhər bələdiyyəsində Xristian-Demokrat İttifaqı (CDU) fraksiyasının sədri və Xristian-Demokrat İttifaqının İqtisadi Şurasının üzvü Bernd Petelkau ilə görüşü zamanı da Azərbaycan icmasının alman mətbuatında ölkəmizlə bağlı uydurma və qərəzli məlumatların dərc olunmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan lokal antiterror tədbirləri barədə birtərəfli reportajların yayımlanmasını pislədikləri vurğulanıb. Bu cür yanlış və əsassız davranışın müxtəlif müstəvilərdə Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir edə biləcəyi, Almaniyanın vətəndaş cəmiyyətinə uğurla inteqrasiya etmiş azərbaycanlı icmaların və şəxslərin mövcud durumdan narahat olduqları və təəssüfləndikləri nəzərə çatdırılıb, Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə zəmin yaradan səbəblər barədə məlumat verilib.

Almaniyanın https://nex24.news xəbər portalında isə “Türkoloq Hess: “Qarabağda nə baş verir?” sərlövhəli məqalə yayımlanıb. Almaniyalı türkoloq alim Mixael Heynhard Hessin qələmə aldığı məqalədə Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsi, hərbi təxribatları davam etdirməsi səbəbindən Azərbaycanın 19 sentyabr 2023-cü il tarixində öz torpaqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində lokal antiterror tədbirlərinə başladığı bildirilib. Azərbaycanın bir gün ərzində “dövlətin içində dövlət” formalaşdırmağa cəhd edən işğalçıları və separatçıları sülhə vadar etdiyi və öz Konstitusiya quruluşunun bərpasına nail olduğu nəzərə çatdırılıb. “Görəsən, “Reyxsburger” kimi separatçılar Federal Respublikada zenit silahları quraşdırsalar, Almaniya əslində nə edərdi?”, – deyə alim soruşub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir