Bu günlərdə Rusiyanın Stavropol diyarında XII Rusiya-Azərbaycan regionlararası forumu başa çatıb.
Hər iki ölkənin iqtisadiyyat nazirlikləri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən forumda 700-ə yaxın iş adamı, sənayeçi, ekspert, ictimai xadim və məmurlar, o cümlədən Rusiya baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev forumun nəticələri və əhəmiyyəti barədə Oxu.Az-a danışıb:
– Sizcə, bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan regionlararası forumunun əsas məqsədi nə idi və bu məqsədə nail olmaq mümkün oldumu?
– Bu forum artıq ənənəvi illik tədbirə çevrilib və hər dəfə eyni məqsəd daşıyır – Rusiya ilə Azərbaycan arasında regional əlaqələrin coğrafiyasını daha da genişləndirmək, regionlar arasında tərəfdaşlıq və praktiki əməkdaşlığı gücləndirmək. Forumda hər dəfə işgüzar dairələrin nümayəndələri, ekspertlər, hökumətin bütün səviyyələrinin nümayəndələri iştirak etdikləri üçün istehsal, ticarət və investisiya əməkdaşlığının perspektivli proqramlarının dəstəklənməsi ilə bağlı istənilən məsələ müzakirə və razılaşmalar proseslərini gecikdirmədən operativ şəkildə həll oluna bilər. Nəticədə bu il forumda biznes və investisiya sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalanıb və Stavropol diyarı hökuməti ilə Azərbaycandan olan investor arasında Jeleznovodskda üç sanatoriyanın tikintisinə dair konkret işgüzar saziş bağlanıb.
– Forumda təqdim olunan Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələrini əsas hesab edirsiniz?
– Forumda dörd istiqamət üzrə dəyirmi masalar keçirilib: ticarət, aqrosənaye kompleksi, ekologiya və ən müasir sənaye texnologiyaları sahəsində əməkdaşlıq. Bütün bu sahələrin əhəmiyyətini dəyərləndirməmək olmaz və onların hər biri üzrə bizdə ən müsbət inkişaf dinamikası var. Məsələn, 2023-cü ilin yekunları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 30% artıb, bu, həm idxala, həm də ixraca aiddir. Bu da təsadüfi nəticə deyil – Azərbaycan da, Rusiya da qarşılıqlı ticarətin inkişafı üçün çox işlər görüblər. Buraya sərhəddə gömrük məntəqələrinin buraxılış qabiliyyətinin artırılması və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı daxildir.
Yeri gəlmişkən, adıçəkilən dəhlizə bu yaxınlarda ölkələrimiz tərəfindən imzalanmış 2024-26-cı illər üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərin genişləndirilməsinə dair “yol xəritəsi”ndə xüsusi diqqət yetirilib. Logistika və nəqliyyat bizim üçün hazırda son dərəcə perspektivli qarşılıqlı fəaliyyət sahələridir.
Həmçinin, sənayedə də birgə layihələr fəal şəkildə həyata keçirilir – söhbət, ilk növbədə, avtomobil sənayesi, gəmiqayırma, təyyarəqayırma və əczaçılıqdan gedir. Bundan başqa, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları rekord həddə çatıb, eləcə də birgə investisiya layihələri də inkişaf edir.
Ekologiya və yaşıl diplomatiyaya həsr olunmuş forumun dəyirmi masasında, ilk növbədə, Xəzər dənizinin sağlamlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bu ən mühüm məsələ üzrə konkret birgə planlar işlənib-hazırlanıb – bizi sıx əməkdaşlıq şəraitində bir çox səmərəli iş gözləyir.
Rusiya və Azərbaycanın ənənəvi olaraq çoxsaylı qarşılıqlı zəngin layihələr həyata keçirdikləri mədəniyyət və təhsil sahələrində əməkdaşlığı qeyd etməmək mümkün deyil. Təbii ki, bir-birimizə artan yaxınlığımızın və dəyişməz marağımızın ən parlaq sübutlarından biri də son bir ildə qarşılıqlı turistik səfərlərin 1,5 dəfə artmasıdır.
– Azərbaycanla əməkdaşlıqda Rusiyanın hansı regionlarını flaqman adlandırardınız?
– Rusiya Federasiyasının 80-dən çox subyekti Azərbaycan Respublikası (AR) ilə sıx əlaqələr qurub, onların dörddəbiri ilə isə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair müxtəlif sazişlər imzalanıb. Rusiyanın bir sıra şəhərlərində, məsələn, Həştərxanda da Azərbaycanın biznes mərkəzləri açılıb. Flaqman bölgələrə gəlincə, bunlar, ilk növbədə, Moskva və Sankt-Peterburq, Tatarıstan və Dağıstan, Həştərxan vilayəti və Krasnodar diyarı, Sverdlovsk, Volqoqrad və Saratov vilayətləri və əlbəttə ki, Stavropoldur. Əbəs yerə deyil ki, Stavropol diyarında Rusiyanın 21 regionundan biznes və hökumət nümayəndələrinin iştirak etdikləri XII Rusiya-Azərbaycan regionlararası forum keçirilib, ona görə də gördüyünüz kimi, Azərbaycanla birgə layihələrə marağımız stabil olaraq yüksəkdir.
– Sizcə, ölkələrimiz arasında regionlararası əməkdaşlığın inkişafının əhəmiyyəti nədən ibarətdir?
– Regionlar arasında əməkdaşlığı ən sıx əməkdaşlıq adlandırmaq olar. Bu əməkdaşlıq birbaşa, praktikdir, onun nəticələri adi gözlə görünür, bunların arasında mühüm infrastruktur və sosial obyektlər var. Məsələn, elə həmin Stavropolun kurortlarında Azərbaycanın investisiya layihələrinə baxmaq kifayətdir. Rusiya-Azərbaycan əməkdaşlığı sayəsində orada artıq iki yüksəkkeyfiyyətli müasir sanatoriya fəaliyyət göstərir, tezliklə Kislovodskda yeni sanatoriya açılacaq, Jeleznovodskda isə daha üç sanatoriya tikilir. Azərbaycanlı mütəxəssislər isə forumda qeyd ediblər ki, məsələn, Rusiya şirkətinin investisiyaları sayəsində bu gün Şəkidə əfsanəvi “Ağdam” portveyninin istehsalı həyata keçirilir. Bölgələrimizin bir çox oxşar ümumi layihələri var. Rusiya Prezidenti Vladimir Putin forum iştirakçılarına müraciətində əbəs yerə vurğulamayıb ki, regionlararası əməkdaşlıq təkcə birgə ticarət, investisiya və humanitar layihələrin həyata keçirilməsi imkanlarını genişləndirmir, ölkələrimizin iqtisadiyyatının inkişafına kömək edir və ölkələrimizin iqtisadi inkişafına səbəb olaraq azərbaycanlıların və rusların həyat keyfiyyətini, həqiqətən, yaxşılaşdırır. Bu, həmçinin, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir və Azərbaycan ilə Rusiya arasında müttəfiqliyin və strateji tərəfdaşlığın ən mühüm komponentlərindən biridir.
Növbəti Rusiya-Azərbaycan regionlararası forumu gələn il Azərbaycanda keçiriləcək və əminəm ki, bu, həm də hərtərəfli dostluq əlaqələrimizin möhkəmlənməsinə, hər iki ölkənin yeni regionlarının əməkdaşlığa cəlb olunmasına xidmət edəcək və özü ilə konkret qarşılıqlı faydalı sazişlər gətirəcək.
Nair Əliyev