• Be. Noy 25th, 2024

Dmitri Verxoturov: “Paşinyanın alternativ yolu yoxdur” – MÜSAHİBƏ

ByYenigun.news

May 2, 2024




Ermənistanda Azərbaycanla şərti sərhədin delimitasiyası və demarkasiyasına etiraz edənlər aksiyalarını İrəvana köçürməklə hədələyirlər. Artıq aprelin 30-da belə bir cəhd oldu, lakin bu, uğur qazanmadı – Ermənistanın baş naziri Nikol Paşinyanı dəstəkləyən polis Azərbaycana məxsus dörd sərhəd kəndinin ölkəmizə qaytarılmasından narazı olan nümayişçiləri dağıdıb.

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistanın İctimai telekanalına müsahibəsində delimitasiya və demarkasiyaya toxunaraq qeyd edib ki, “biz sərhədi yenidən bərpa etməliyik, yəni gedib bu sərhədi yerlərdə artıq formalaşmış prinsiplər əsasında müəyyənləşdirməliyik. Ölkəmizin maraqları ondan ibarətdir ki, biz son nəticədə kənar yardım və sponsorluq olmadan regionumuzda yaşamaq formulunu qəbul edək”.

Postsovet məkanı üzrə rusiyalı ekspert, yazıçı, tarixçi və ictimai xadim Dmitri Verxoturov Ermənistanın baş nazirinin açıqlamalarını Oxu.Az-a şərh edərkən qeyd edib ki, Nikol Paşinyanın Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur:

– O, müqaviləni imzalayacaq, artıq sərhədin delimitasiyası və demarkasiyası razılaşdırılır. Bu onun üçün mövcud olan mexanizmdir. Təbii ki, Paşinyan Rusiyanın dəstəyinə arxalanaraq danışıqları gecikdirə və müəyyən güzəştlər tələb edə bilərdi. Amma indi o, bu dəstəyi demək olar ki, tamamilə itirib. Avropa isə, görünür, ona vəd etdiyi hər şeyi vermədi. Ona görə də o, istər-istəməz nizamlanma yolu ilə gedir və Ermənistanın baş nazirinin bundan üz döndərmək imkanı yoxdur. Deməli, Paşinyan hakimiyyətdə olacağı bütün dövr ərzində məhz bu siyasəti aparacaq. Yenə deyirəm, onun alternativ yolu yoxdur.

– Niyə məhz məskunlaşma, sərhədlərin müəyyən edilməsi, ərazilərin qaytarılması prosesi Ermənistan cəmiyyətinin bir hissəsində və bütün müxalifətdə narazılıq yaradır? Bunlar uzunmüddətli sülhə nail olmaq üçün atılan addımlardır.

– Məncə, Ermənistan cəmiyyətinin ən böyük problemi odur ki, orada reallıqla əlaqəni tamamilə itirmiş, öz fantaziya aləmində yaşayan xeyli sayda (adi haldan çox) insan var. Buna uyğun olaraq bu uydurma dünyaların sakinləri etiraz aksiyalarına başlayır, reallığı öz ideyalarına uyğunlaşdırmağa çalışırlar. Amma göründüyü kimi, başlanmış prosesi (nizamlanma – red.) geri qaytarmaq olmaz.

– Ermənistan müxalifəti kəndlərin qaytarılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı etiraz aksiyalarına ordunu cəlb etməyə ümid edirdi, lakin bu, mümkün olmadı. Amma etirazlara erməni ruhaniləri rəhbərlik edirdi. Necə düşünürsünüz, bunun səbəbi nədir?

– Bildiyimə görə, erməni apostol kilsəsində (EAK) ciddi böhran var, EAK ermənilərə təsir imkanlarını xeyli itirib. İndi sərhədin delimitasiyası və demarkasiyasına qarşı proseslərə rəhbərlik etməyə çalışan ruhanilərin müəyyən qədər siyasiləşməsi müşahidə olunur. Bu, EAK-ın əvvəlki nüfuzunu bərpa etmək və bir növ konsolidasiya amili kimi çıxış etmək cəhdidir. Amma bu hərəkətlərin uğurlu olacağını düşünmürəm – onların istədiklərinə nail olmaq ehtimalı azdır və avtoritet qazana bilməyəcəklər.

Əgər onlar bu cür oyunlar oynamağa davam etsələr, o zaman tarixən inanılmaz hesab edilən vəziyyət yarana bilər: Ermənistan dövləti Cənubi Qafqazda yox ola bilər, ermənilər isə kim hara gəldi səpələnəcək, müxtəlif ölkələrdə diaspor olaraq məskunlaşacaqlar. Bu variant çox mümkündür və belə qəribə hadisələr baş verdikcə (Azərbaycanla sərhədin delimitasiyasına etirazlar – red.) onun ehtimalı güclənir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir