Avropa İttifaqı və NATO-nun şərq sərhədlərində yerləşən Ukraynada müharibə gedir. Bu ölkəyə atılan çoxsaylı raketlərdən birinin bir az qərbə, bir az cənub-qərbə düşməyəcəyinə heç kim təminat verə bilməz. Raket düşəndən sonra isə üzr istəmək kimi diplomatik nəzakət davranışı ediləcək və s.
Odur ki, müharibənin alovlarının qonşu dövlətləri bürüməyəcəyinə təminat yoxdur. Bunu Ukraynanın başına gələnlər də sübut elədi… Bu ölkə açıq-aşkar hərbi müdaxilə ilə üz-üzədir. Bir tərəfdə öz ərazi bütövlüyü, suverenliyini qoruyan, Qərbin maraqlarını müdafiə edən, arxasında çoxsaylı dəstəkçiləri olan Ukrayna, digər tərəfdə isə Rusiyadır.
Rusiya Ukraynada öz adı ilə açıq müharibə aparır. SSRİ dağıldıqdan sonra özünü onun varisi elan edən Rusiya ilk dəfədir, belə irimiqyaslı əməliyyatda nüvə arsenalı istisna olmaqla bütün növ qoşunları ilə iştirak edir. “Soyuq müharibə” illərində keçmiş SSRİ ABŞ-la münaqişədə pərdə arxasında qala bilirdi. Məsələn, Vyetnam, Anqola, Mozambik, Əfqanıstan, Kuba, Çili və başqa ölkələrdə kommunistlərin, yaxud solyönümlü ideoloji düşərgənin silahlılarının arxasında dayanırdı. Sovetlər dağılandan sonra Rusiya keçmiş müttəfiq respublikalar istisna olmaqla xaricdə ilk dəfə özünü Suriyada göstərdi. Burada da Bəşər Əsəd rejiminin arxasında dayananlardan biridir. Ancaq Ukraynada ABŞ onunla birbaşa qarşıdurmada deyil. Düzdür, Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Ukrayna səfəri bir çox mətləblərdən xəbər versə də, bu, iki ölkənin bir-birinə qarşı açıq döyüşü anlamına gəlmir. ABŞ maraqlarını və özünü qoruya bilir. Rusiya isə bütün maraqlarını bu müharibədə ortaya qoyub.
ABŞ-ın təşəbbüsü ilə Almaniyanın Ramştayn şəhərindəki bazasında keçirilən toplantıda 40-dan çox dövlətin müdafiə nazirlərinin iştirakı və Ukraynaya beş milyard dollarlıq hərbi yardımın toplanması Birləşmiş Ştatların Rusiyaya qarşı savaşda tək olmadığını bir daha isbatladı. Bu müharibəni özü aparan Rusiyanı isə Çin, İran, Şimali Koreya, Belarus, Venesueladakı hakimiyyətlər az-çox dəstəkləyirlər. Qərb üzlərinə güləcəyi, yaxud təzyiqi artıracağı halda onların Rusiyanı meydanda tək qoymayacaqlarına da təminat yoxdur.
Ukrayna hərbi texnika və maliyyə baxımından dəstəklənir. Müharibə xəbərləri Qərb blokunun əsas mövzusudur. “Soyuq müharibə” illərində qərblilər “sovet təhlükəsi”ndən ehtiyat edirdilər. SSRİ Qərb ictimaiyyəti üçün düşmən obrazında idi. Sovetlər dağılandan sonra bu obraz da dağıldı. Ancaq 2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlamaqla bu sifəti yenidən diriltdi. Qərb üçün ziddiyyət yarandı. İndi isə bu ziddiyyət ətrafında toplanma, cəmlənmə gedir. Artıq 40 dövlət var. Bununla məsələ ABŞ, NATO, Avropa İttifaqı ilə Rusiya qarşıdurması müstəvisindən çıxarıldı.
Əsas məsələlərdən biri Çin və Hindistanın Rusiya ilə ticarət əməkdaşlığının azalmasına nail olmaqdır. Bu istiqamətdə proses davam edir. Artıq Çinin DJİ şirkəti Rusiyaya bir sıra elektron avadanlıqları ilə yanaşı, PUA-lar satmağı dayandırdığını bildirib. Bu onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi iqtisadi-siyasi və hərbi cəhətdən genişlənir. Bəs onun ərazisinin genişlənməsi mümkündürmü? Sirr deyil ki, Ukraynaya ən çox eyni soydan olan Polşa yardım edir. Ukraynalı qaçqınların çoxu bu ölkədə məskunlaşıb. Rəsmi Varşava bir çox tədbirlərdə Ukraynanın vəkili kimi çıxış edir və s. Bu, həm də Polşanın dolayı yolla müharibəyə cəlb olunması deməkdir.
Aprelin 26-da Moldovanın Dnestryanı bölgəsində partlayışlar olub. Bu kimi hadisələr Rusiyanın himayədarlıq və vasitəçilik etdiyi daha bir münaqişə ocağının yenidən alovlanmasına təkan verə bilər. Qeyd edək ki, Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olmaq istiqamətində addımlar atdığı üçün Rusiya bu ölkənin şərqində iki qondarma respublika – “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” yaratdı. Bu il fevralın 21-də Vladimir Putin qondarma Donetsk və Luqansk Xalq respublikalarının Rusiya tərəfindən tanınması barədə fərman, elə həmin gün onlarla “dostluq, əməkdaşlıq və yardım haqqında saziş” imzalayıb. Bununla Ukraynaya birbaşa hərbi müdaxilə etmək üçün “hüquqi baza” yaradıb.
Oxşar hadisənin Dnestryanı ilə bağlı baş verə biləcəyi ehtimalı az deyil. Bu bölgənin separatçıları ilə Rusiya oxşar müqavilə imzalayaraq, sonra qüvvələri o istiqamətə yeridərək cənub-qərb istiqamətindən Ukraynaya hücuma keçə bilərlər. Bu da mümkündür. Rusiyanın Ukraynaya çoxminlik ordu yeritməsinə də inananlar az idi. Ancaq bu baş verdi. Rusiya qondarma respublikanın ərazisindən Ukrayna ordusunun diqqətini Moldova istiqamətinə çəkməklə qüvvələri parçalayar, Odessaya hücum təşkil edər, bu ölkənin Qara dənizə çıxışını daraldar və s. Bu halda Moldovaya Rumıniya yardım edə bilər. Belə olan halda müharibənin xəritəsi genişlənər. Xatırladaq ki, hazırda qondarma qurumun ərazisində Rusiyanın 1 500-ə yaxın hərbçisinin yerləşdiyi bildirilir. Ancaq bunun sayının çox olduğu da ehtimal edilir.
Dnestryanı bölgədə ötən gün baş verən partlayışı Moldova Prezidenti Maya Sandu bölgədəki siyasi qüvvələrdaxili gərginliyin təzahürü kimi qiymətləndirib. Rumıniyanın müdafiə naziri Vasile Dınku isə hadisəni təxribat adlandırıb. ABŞ partlayışı öyrəndiklərini bildirib və s.
Belə çıxır, qondarma respublikada gərginliyin artmasında maraqlı qüvvələr var. Bu şəraitin Rusiyanın müdaxiləsi üçün yaradıldığını da ehtimal etmək olar. Odur ki, Dnestryanı bölgədəki partlayışlar Avropa İttifaqı, NATO və müttəfiqləri üçün siqnaldır. Partlayışlar Rusiya-Ukrayna müharibəsinin miqyasının genişlənməsi, Qərbə inteqrasiya yolunu tutan daha bir dövlətin silahlı qarşıdurmaya cəlb olunması deməkdir.
“Report” İnformasiya Agentliyi