• Ca. Noy 28th, 2024

Doğmalarına qovuşan şəhər: Laçından FOTOREPORTAJ

ByYenigun.news

İyn 21, 2023


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlayıb. 31 illik həsrətdən sonra laçınlı ailələrin ilk qrupu mayın 28-də doğma yurdlarına dönüb. Birinci mərhələdə şəhərə 20, növbəti mərhələlərdə isə 22 və 13 ailə köçürülüb. Hazır olan digər evlərə də ailələrin köçürülməsi davam edəcək.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, ata-baba ocağına qayıdan laçınlıların gözündə üzərlərindən məcburi köçkün adının götürülməsinin sevinc və məğrurluğunu aydın görmək olurdu. Şəhərə daxil olarkən onların ilk dayanacağı Həkəri çayı oldu. Elə ilk dayanacaqda laçınlıların təəssüratlarını öyrəndik.

“Laçını belə möhtəşəm görəcəyimi təsəvvür etmirdim”

Laçın sakini İradə Hüseynova qısa müddətdə belə şəraitin qurulmasını möcüzə adlandırır:

“Laçında tikinti, yenidənqurma işlərinin görüldüyünü bilirdim. Ancaq bunu belə tezliklə yalnız Azərbaycan Prezidenti, dövlətimiz edə bilərdi. Bütün laçınlılar bu günü səbirsizliklə gözləyirdilər. Başda Prezident İlham Əliyev olmaqla, bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günlərə görə Ali Baş Komandanımıza, şəhidlərə borcluyuq”.

“Laçınlı övladların təhsilində rol oynamaq istəyirəm”

Digər həmsöhbətimiz Tutu Məmmədova isə laçınlı övladlara dərs demək üçün tələsdiyini söyləyir:

“31 il Bakıda riyaziyyat müəllimi kimi çalışmışam. İndi isə laçınlı övladların təhsilində rol oynamaq istəyirəm.

Çox sevinirəm ki, öz Vətənimə qayıtdım, üzərimizdən məcburi köçkün adı götürüldü. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm”.

Küçələrindən gülüş səsi, havasından ətir gələn şəhər

Hava artıq qaralmağa başlayır. Laçına köç edən ailələr evlərinin açarlarını təhvil alıb, yeni mənzillərinə yollanırlar. Gecəsi bir başqa aləm olan Laçında evlərdən və küçələrdəki dirəklərdən yayılan işıqlar bu şəhəri nağıllardakı kimi gözəl edir.

Səhəri Laçında açırıq. Şəhərin küçələrində gəzərkən evlərdən, həyətlərdən uzun həsrətdən sonra doğma yurdlarına qovuşmuş insanların mehriban söhbətlərini, gülüş səslərini eşidir, 31 ildən sonra doğmalarına qucaq açan Laçının havasından samovar çayının ətrini, ləziz yemək qoxusunu alırıq. Artıq bu gözəl şəhərdəki evlərdə yenidən qazanlar asılır, samovarlar qaynayır.

“31 il əvvəl yatdığım yuxudan oyandım”

Çay ətri gələn evlərdən birinin həyətinə daxil oluruq. Bizi burada Həsənovlar ailəsi gülər üzlə qarşılayır. Keçmiş məcburi köçkün Ramiz Həsənov Laçında keçirdiyi ilk günün təəssüratlarını bizimlə bölüşür:

“Uzun illərdən sonra Laçına qayıtmışıq. Bizi bu torpaqlardan zorla ayırmışdılar. Torpaqlarımız işğal olunmuşdu. Allaha şükürlər olsun ki, bu günləri də gördük, doğma yurdumuza qayıtdıq. İndi böyük hisslər, duyğular yaşayırıq. Buna görə Prezidentimizə öz adımdan, laçınlılar, buraya qayıdan sakinlər adından minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayırıq”.

31 il əvvəl Laçından apardığı samovarı Laçına qaytaran Ramiz Həsənov həmin samovarın da yenidən bu torpaqlarda qaynadığını qürurla söyləyir.

Həyat yoldaşı Şəfiqə Verdiyeva da Laçından apardığı əşyaları özü ilə doğma yurda qaytarıb:

“1960-cı illərdə Laçında anama verilən toy cehizlərini indi burada istifadə edirəm. Həmin qablarda yemək bişirir, yeyirik. İndi yediyimiz yeməyin qoxusundan da sanki Laçın ətri gəlir”.

Laçınsız günlərin sona çatacağına hər zaman inandığını deyən Şəfiqə Verdiyeva bildirir ki, özünü 31 il əvvəl yatdığı yuxudan yenidən oyanmış kimi hiss edir:

“Bura mənim ata evimdir. Mən burada yaşamışam, böyümüşəm, uşaqlıq illərim bu evdə keçib. İndi qapımız yenə laçınlılar tərəfindən döyülür, köhnə qonşularımız gəlirlər, söhbətləşirik, keçmişi yad edirik. Ancaq uzun müddətdən sonra keçmişi yad edərkən üzümüzdə kədər yox, sevinc yaranır”.

Qeyd edək ki, Baş Plana əsasən, Laçın şəhərində ümumilikdə 700 binanın bərpasına başlanıb. Onlardan 620-si fərdi ev, doqquzu çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir