“Cənub Qaz Dəhlizi (SGC) strateji əhəmiyyət kəsb edir. Yaxşı ki, bu layihə vaxtında həyata keçirilib”.
Bunu “Report”a açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt deyib.
“Biz SGC layihəsini və onun genişləndirilməsini, həmçinin ötən ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu dəstəkləyirik”, – C. Pyatt vurğulayıb.
SGC layihəsinə “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu qaz kəməri (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəməri (TAP) daxildir.
Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Azərbaycan qazına tələbatın artması nəzərə alınmaqla 2027-ci ilədək Avropaya ən azı 20 milyard kubmetr qazın tədarükü məqsədilə TANAP və TAP qaz kəmərlərinin gücünün artırılması hesabına Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlaşdırılır.