“Şuşanın Daşaltı kəndində ermənilərin qətlə yetirərək kütləvi məzarlıqda basdırdıqları azərbaycanlıların meyit qalıqlarının eyniləşdirilməsi işi aparılır”.
Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qeyd edilib ki, 2021-ci ilin fevral ayının 17-də Şuşanın Daşaltı kəndində müəyyən edilmiş kütləvi məzarlıqda qazıntı işləri aparılıb:
“Qazıntı hərbi strukturlar tərəfindən həyata keçirilib. Oradan təxminən 25 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları çıxarılıb və götürülüb. Hazırda götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi işi aparılır”.
“Report”un apardığı dəqiqləşdirməyə görə, Daşaltı əməliyyatında ümumilikdə 100-ə yaxın azərbaycanlı hərbçi həlak olub.
Dövlət Komissiyasından verilən məlumata görə, Daşaltı əməliyyatında 44 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Qeyd edək ki, yanvarın 26-da Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür.
Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxıb, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki veriblər, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.