Aprelin 22-də və 23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.
Tədbirdə Zəfər Qurultayının iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya, BMT-nin Ətraf Mühit Proqramına (UNEP) və Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri, Qurultayın qətnaməsi qəbul edilib.
Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsini təqdim edirik:
“Biz – dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təmsil edən Qurultay nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycan Respublikasının mədəniyyət paytaxtında çağırılmasından məmnunluq duyuruq.
Bu yüksək forumun Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Şuşa şəhərində keçirilməsi qərarı özlüyündə dünya azərbaycanlılarının hər birinin həyatında böyük əhəmiyyətə malik tarixi hadisədir. Tədbirin səmərəli təşkili və dünya azərbaycanlılarının nümayəndələrinə taleyüklü məsələlər ətrafında geniş fikir mübadiləsi aparmaq fürsətinin verilməsi yüksək qiymətləndirilməlidir. Bizə bu imkanı yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Hökumətinə və Qurultayın hazırlanmasında zəhməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.
Dünya Azərbaycanlılarının son Qurultayından ötən altı il ərzində Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş vermiş, Prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. 2018-ci ilin aprelindəki Prezident seçkilərində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə yenidən səs vermiş, bununla 2003-cü ildən yürüdülən siyasətə dəstəyini bir daha nümayiş etdirmişdir. Xalqdan növbəti dəfə mandat alan cənab İlham Əliyev siyasi-iqtisadi islahatların yeni mərhələsini elan etmiş, eyni zamanda ordu quruculuğunu gücləndirməklə Ermənistanın işğalı altındakı torpaqlarımızın azad edilməsi üçün həlledici mərhələyə zəmin hazırlamışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, cəmi 44 gün ərzində özünün ərazi bütövlüyünü bərpa etmiş, Ermənistanın işğalı üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd həsrətinə bununla da son qoyulmuşdur.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, sülhsevər xalq olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. Müharibə dövründə Ermənistan hərbi bölmələrinin cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağdam, Mingəçevir və digər Azərbaycan şəhərlərində mülki obyektləri, yaşayış evlərini və dinc insanları atəşə tutmasına, yüzdən çox mülki şəxsi qətlə yetirməsinə baxmayaraq, Azərbaycan Ordusu istər Ermənistan ərazisində, istərsə də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində dinc insanları və mülki obyektləri əsla hədəfə almamışdır.
Xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər artmış, onların doğma Vətənə bağlılığı güclənmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında birliyi daha da möhkəmlənmişdir. İstər COVID-19 pandemiyası dövründə, istər Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra, istərsə də Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların həmrəyliyi görünməmiş dərəcədə yüksək səviyyəyə çatmışdır. Xaricdəki soydaşlarımız möhtəşəm milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərmiş, orduya, yaralı əsgərlərə və şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan və evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkkillik və fədakarlıq nümayiş etdirmişlər.
Ötən dövr ərzində Azərbaycan dövləti cəmiyyəti maraqlarından irəli gələn rasional milli siyasət kursunu uğurla davam etdirmiş, etnik və dini tolerantlıq mühitinin inkişafına nail olmuş, əsl vətəndaş həmrəyliyini təmin etmişdir. Məhz buna görədir ki, inancından və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı Azərbaycanı eyni dərəcədə sevir, ona xidmət etməyi özünün müqəddəs borcu sayır. Azərbaycanda yaşayan bir çox milli azlıqların xarici ölkələrə miqrasiya etmiş nümayəndələrinin doğma Vətənlə daim əlaqə saxlaması, xalqımızın maraqlarının müdafiəsi ilə bağlı bütün təşəbbüslərə dəstək verməsi buna parlaq sübutdur.
Çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət yürüdən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması istiqamətində ardıcıl səylərini davam etdirir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında quran dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuş, sıralarında 120-dən artıq ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədr seçilmişdir və hazırda bu statusda fəaliyyətini uğurla davam etdirir.
Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
Ötən illərdə Azərbaycan türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməkdə davam etmiş, eyni zamanda xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları türk diaspor təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərmişdir.
Azərbaycan COVID-19 pandemiyası ilə uğurla mübarizə aparmış və əhalinin təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər, atdığı praktiki addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının V Qurultayı
qərara alır:
1. Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilsin.
2. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin əhəmiyyəti, bu Qələbəni dünya azərbaycanlılarına bəxş edən şəhidlərin və qazilərin xidmətləri xüsusi vurğulansın.
3. Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının 30 il ərzində müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, Azərbaycan dövlətinin daxili və xarici siyasətini tam dəstəkləyir.
4. Qurultay bir daha vurğulamağı zəruri hesab edir ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada, daxildən, yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması, onun dünyəvi, hüquqi, milli dövlət olaraq inkişaf edib möhkəmlənməsi yalnız respublika vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.
5. Diaspor təşkilatlarına tövsiyə olunsun ki:
– diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün təmərküzləşmə prosesini davam etdirsinlər;
– xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri daha da gücləndirsinlər;
– Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti daha da dərinləşdirilsin;
– xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün tədbirlər gücləndirilsin;
– 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi, mənimsənilməsi və tarixi abidələrinin dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirilsin.
6. Qurultay Redaksiya Komissiyasına tövsiyə edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.
7. Qurultay Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edir ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və nümayəndələrə göndərilməsini təmin etsin.
8. Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünya azərbaycanlılarına müraciət edərək, onları milli maraqlarımızın qorunması naminə səy və bacarıqlarını səfərbər etməyə, müstəqil Azərbaycan dövləti ətrafında daha sıx birləşməyə çağırır”.