• Ç. Noy 27th, 2024

Dünya mediası Türk Dövlətləri Təşkilatının Astanadakı yubiley Zirvə görüşünə geniş yer ayırıb – FOTO

ByYenigun.news

Noy 4, 2023


Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı, toplantıda səsləndirilən fikirlər və keçirilən ikitərəfli görüşlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “TRT Haber”, Anadolu Agentliyi, “Yeni Şafak”, “En son haber”, “Haberler”, “Cumhuriyet”, “Son dakika” və digər media qurumları tərəfindən yayımlanan xəbərlərdə Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının nüfuzunun bundan sonra da artacağına əminlik ifadə edildiyi, təşkilata üzv ölkələrin təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığının daha da artırmasının əhəmiyyətinin vurğulandığı bildirilir.

Yazılarda Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırdığı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradıldığı, cari ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsinin 40 faiz artdığı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqlədiyi və Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə töhfə verdiyi vurğulanıb.

“TRT Haber”in yaydığı materialda Prezident İlham Əliyevin fikirlərinə istinad olunaraq, Qarabağdakı bərpa-quruculuq işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar vəsait sərf edildiyi, gələn il azı 2,4 milyard dolların ayrılacağı bildirilir. Vurğulanır ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

“Yeni Şafak” saytının yaydığı məqalədə Prezident İlham Əliyevin bu fikirləri yer alıb: “Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.

Yazıda Azərbaycanın 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyi, 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyi vurğulanır.

Qazaxıstanın “Kazinform”, “Golos naroda”, “Sputnik”, “Baq”, “Tengri news”, “Kursiv”, “Arbat media”, “Smi24”, “Orda”, “Inbusiness”, “Zakon”, “Baigenews”, “Astana tv” kimi informasiya saytları və xəbər portalları Prezident İlham Əliyevin Azərbaycanın böyük Türk dünyasının bir hissəsi olduğunu, dostluğumuzun, qardaşlığımızın əbədi olacağını söylədiyi və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artacağına əminliyini ifadə etdiyi vurğulanır.

Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür etdiyi, bunun Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürü olduğunu vurğuladığı bildirilir.

“Turan Times” saytı yazır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edib. Kasım-Jomart Tokayev deyib ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb.

Materiallarda Qazaxıstan Prezidentinin Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik etdiyi, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə xüsusi minnətdarlığını bildirdiyi qeyd olunur.

Özbəkistanın “Qalampir” saytında xəbərində bildirilir ki, Prezident Şavkat Mirziyoyev Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası münasibətilə təbrik edib.

“Newshub” portal qeyd edir ki, Prezident Şavkat Mirziyoyev Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar əldə etdiyini, tarixi Qələbə qazandığını, Qarabağda bərpa-quruculuq istiqamətində mühüm nəticələr əldə etdiyini bildirib.

Vurğulanır ki, Şavkat Mirziyoyev bu yaxınlarda Şuşaya və Füzuliyə səfər edib, burada infrastrukturun yenidən qurulması və dağıdılmış mədəni irs obyektlərinin bərpası işləri ilə şəxsən tanış olub.

Macarıstanın “Hvg”, “24.hu”, “hirstart”, “rtl”, “444.hu”, “Magyar narancs”, “Telex”, “Szeged”, “Hirnavigato” saytları Baş nazir Viktor Orbanın Zirvə görüşündə Prezident İlham Əliyevi regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərə və nailiyyətlər münasibətilə təbrik etdiyini, Qarabağın bərpası işlərinə uğurlar arzuladığını oxucuların diqqətinə çatdırıb.

Qeyd edilir ki, Viktor Orban Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini bildirib, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

İspaniyanın “EFE” agentliyi, “Vivir ediciones”, “Que pasa”, “Infobae”, “Lado”, “Minuto30” saytları yazır ki, Azərbaycan Qarabağın yenidən qurulmasına 9,4 milyard dollardan çox sərmayə qoyacaq.

Yazılarda Türk dövlətləri arasında reallaşdırılan layihələrin, Xəzərdən keçən Şərq-Qərb layihəsinin – Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir