• Ca. Noy 28th, 2024

“Dünyanı uşaq qatili arayiklərdən xilas etmişik, buna görə Azərbaycana təşəkkür etməlidirlər” – ŞƏRH

ByYenigun.news

Okt 5, 2023


“Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı fəaliyyət göstərmiş, torpaqlarımızdakı qanunsuz xunta rejiminin uzun illər rəhbəri olan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması xalqımızın qisasının alınmasıdır”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Xankəndidən seçilən deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, Arayik Arutyunyan və digələrinin cəzasını çəkməsi dünyaya ədalətin tərənnüm edilməsi, bərpa olunması mesajıdır:

“Biz 30 il ərzində beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən tələb edirdik ki, onlar bizim ərazimizdəki erməni işğalına son qoysunlar. Separatçı xunta rejiminin, Ermənistanın hərbi-siyasi liderlərinin məhkəmə qarşısına çıxarılmasını, qanunlar önündə cavab verməsini tələb edirdik. İkinci Dünya müharibəsindən sonra 1990-cı illərdə Nürnberq, Ruanda, keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalları qurulmuşdu. Biz eyni tribunalların Ermənistanın siyasi-hərbi liderləri, Azərbaycan xalqına qarşı qətliam törədən şəxslər üçün qurulmasını gözləyirdik. Ancaq bütün bu 30 il ərzində beynəlxalq təşkilatlar məsələyə laqeyd münasibət bəslədilər. Beynəlxalq ictimaiyyət yalnız sözdə, bəyanatlarda bu işğalı qəbul etmirdi. Hətta bəzən bəyanatlarda da bizim istədiyimiz münasibəti ortaya qoya bilmirdilər”.

Deputat deyib ki, azərbaycanlıları qətlə yetirənlərin, Xocalı soyqırımını törədənlərin azadlıqda, cəzasızlıq şəraitində gəzdiyini görə-görə dünya buna göz yumub:

“Görünür ki, taleyimizdə  həmin tribunalı məhz özümüzün təşkil etməyimiz yazılıbmış. İndi bütün cinayətkarlar, qətliamı törədən qatillər hamısı artıq tutulub. Müvafiq hüquq-mühafizə orqanlarımız tərəfindən istintaq tədbirləri davam etdirilir. Bütün dünyaya beynəlxalq hüquq norma və prinsiplərinə necə əməl olunmalıdır, hörmət edilməlidir kimi dərs keçirik. Azərbaycanın addımları bəşəriyyət, insanlıq əleyhinə cinayət törətmiş şəxslərin tutulması üçün töhfədir. Xocalı soyqırımını törədən qatillər azadlıqda qalsaydılar, başqa yerlərdə bu əməllərini davam etdirəcəkdilər. Çünki onların qarşısını alan heç bir qüvvə yox idi”.

T.Gəncəliyevin fikrincə, bütün dünya anlamalıdır ki, vaxtilə qətliam törədənlər illər sonra Gəncə və Bərdə terroruna cəhd etməklə eyni əməlləri davam etdiriblər və onlar mütləq cəzalarını almalıdırlar:

“Hətta bundan ötrü bəzi ölkələrin – Fransanın, bir çox avropalı siyasətçilərin həmin bu separatçıların xunta rejiminin müdafiəsinə qalxması çox təəccüb doğurur. Çünki ərazisində iki dünya müharibəsi olmuş Avropa ölkələri, xüsusilə Fransa erməni separatizminə, erməni revanşizminə necə dəstək verə bilər? Necə bunu alovlandıra bilər ki, iki dünya müharibəsini və onun ağır nəticələrini öz torpaqlarında görüblər?! Əksinə, Avropa həmin separatçıların, xunta rejimi nümayəndələrinin həbs edilməsi, qanun qarşısına çıxarılmasını dəstəkləməli və Azərbaycana təşəkkür etməlidir. Bəşəriyyət əleyhinə, insanlıq əleyhinə törədilən cinayətlər son dərəcə ağır cinayətlərdir. Bu cinayətlər beynəlxalq hüququn, normaların pozulmasıdır. Yəni, bundan ağır cinayət yoxdur və həmin separatçı xunta rejiminin başçıları da məhz insanlıq əleyhinə cinayətlərin baiskarlarıdırlar. Biz dünyanı, bəşəriyyəti bu fəlakətdən, qatillərin gələcək planlarından azad etmişik. Buna görə dünya, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bizə hətta təşəkkür etməlidirlər”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir