Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüşdə tərəflər iqtisadi, ticarət və humanitar sahələrdə ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müntəzəm qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.
Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini və bu təşkilatlar çərçivəsində, xüsusən ərazi bütövlüyü və suverenliyi ilə bağlı qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü, habelə post-münaqişə zamanı ölkəmiz tərəfindən görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.