• Be. Noy 25th, 2024

Əhməd Vahşiteh: “İranlılar öz dövlətlərindən inciyiblər” – ŞƏRH

ByYenigun.news

Mar 7, 2024


İran Parlamentinə və Ekspertlər Şurasına son seçkilər rekord dərəcədə aşağı seçici fəallığı (dövlət mediası bu göstəricinin 41% olduğunu bildirir), çoxlu korlanmış bülletenlər və 2020-ci ildən parlamentə nəzarət edən mühafizəkar qüvvələrin növbəti qələbəsi ilə yadda qalıb.

Bu, İranın müasir tarixində ən aşağı göstəricidir. İran indi seçkilərin ikinci turunu gözləyir və onun nəticələri parlamentdə qalan 45 yerin taleyini həll edəcək.

İranlı analitik, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) baş müəllimi Əhməd Vahşiteh Oxu.Az-a bununla bağlı şərh verib.

O, 10 il əvvəli xatırladaraq prezident Mahmud Əhmədinejadın səlahiyyət müddəti başa çatdıqdan sonra insanların seçki kampaniyasında fəal iştirak etməyə başladıqlarını, prezident və parlament seçkilərində səs verdiklərini və Həsən Ruhanini iki dəfə seçdiklərini xatırladıb.

“Yaxşılığa doğru dəyişikliklərə ümid var idi. Amma hətta Ruhaninin dövründə də sərt şəkildə dağıdılan etirazlar oldu. Daha sonra, 2019-cu ildə ölkədə benzinin qiyməti iki dəfə artdı. İnsanlar küçələrə çıxdılar, onlara qarşı zorakılıq tətbiq edildi, bu isə xeyli etirazçının ölümünə səbəb oldu. Son prezident seçkisi (2021) olanda artıq hamı başa düşürdü ki, elita, ölkə rəhbərliyi mühafizəkar, Ali Məhkəmənin sədri İbrahim Rəisini seçib. Elə isə seçkiyə getməyin nə mənası var? Buna görə çox aşağı fəallıq (48% – red.) oldu. 2020-ci il parlament seçkisində seçici fəallığı 42% təşkil edib. İndiki seçkidə islahatçılardan praktiki olaraq heç bir namizəd yox idi, yalnız radikallar və fundamentalistlər var idi. Nəticədə 41% seçici fəallığı əldə etdik. İranlılar dövlətlərindən inciyiblər, səs vermək istəmirlər. Hakimiyyət, o cümlədən ölkənin ali dini lideri ayətullah Əli Xamenei xalqı anlamır”.

Ekspert ilyarım əvvəl Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı itaətsizlik aksiyalarını xatırladıb, “Qadın, həyat, azadlıq” və s. şüarlar altında küçələrə axışan insanlar arasında da xeyli sayda aksiyaçının öldürüldüyünü vurğulayıb.

“İran dövləti həddindən artıq qəddarlıq edir, bu, hakimiyyət və idarəçilik xəstəliyinin göstəricisidir. Bundan sonra Tehranda seçicilərin 20%-dən, bəzən isə 10%-dən azının seçkidə iştirak etməsinə necə təəccüblənmək olar? Bu, indiki hakimiyyət modelinin iranlıların maraqlarına cavab vermədiyinin göstəricisidir. İnsanlara necə yaşamalı olduqları barədə göstərişlər verilir. Qadınlar hicablı olmalıdırlar, ailədə uşaqların sayı çox olmalıdır… Bu, insanların şəxsi həyatına müdaxilədir! İran xalqı Türkiyə və Azərbaycanda olduğu kimi, sekulyarizm (dövlətin dindən ayrılması – red.) istəyir”, – deyə Vahşiteh əlavə edib.

O, Azərbaycanda fevral ayında keçirilən prezident seçkisində yüksək fəallığı xatırladıb:

“Niyə belə oldu? Azərbaycanlılar Prezident İlham Əliyevə güvənir, nəticəsini görür, dövlət başçısının onlar üçün nə etdiyini başa düşürlər. İranda isə insanlar öz liderlərinə güvənmirlər, ona görə də seçkilərə getmirlər”.

Ekspert mühafizəkarların, fundamentalistlərin qələbəsinin qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərdə nələrə təsir edə biləcəyinə də toxunub. Onun sözlərinə görə, Bakı ilə münasibətlərdə müəyyən istiləşmə ola bilsə də, köklü nəsə dəyişəcəyinə inanmır.

“Mühafizəkarlar və fundamentalistlər mövcud şəraitə uyğunlaşaraq əvvəlki xarici siyasətlərini davam etdirəcəklər. Amma iranlılar bu modeli bəyənmirlər. İnsanlar çoxdan çaşqındırlar – Tehran niyə qonşularından düşmən obrazı yaradır? Niyə onların İsrail, ABŞ, Azərbaycan, Türkiyə, ərəb ölkələri, Əfqanıstandakı “Taliban”la və s. ilə münaqişəsi olmalıdır? Nə üçün fələstinlilərlə israillilər arasında münaqişə varsa, iranlılar bu qarşıdurmanın pulunu öz ciblərindən ödəməlidirlər? İran bütün dünya ilə, bütün qonşuları ilə münaqişə edə bilməz, bu, başadüşüləndir.

Lakin İran hakimiyyətinin bir özəlliyi var: vəziyyəti gərginləşdirir, təhlükə görüntüsü yaradır, lakin nadir hallarda sona qədər gedir”, – deyə Vahşiteh sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir