“Kanadanın xarici işlər naziri Melani Jolinin Cənubi Qafqazda guya “humanitar böhran”ın olması ilə bağlı bəyanatları reallığa uyğun gəlmir və müəyyən siyasi məqsədlərə xidmət edir”.
Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan deyib.
Onun sözlərinə görə, kanadalı siyasətçinin qərəzli mövqeyi nəinki tamamilə əsassızdır, həm də onun Cənubi Qafqaz regionundakı vəziyyətdən xəbərsiz olduğunu göstərir:
“Kanada hökumətinin mövcud olmayan “humanitar böhran”ı aradan qaldırmaq üçün dəstək vermək istəyi Qərbin ikili standartlarının bariz nümunəsidir. Onlar Ermənistanın Qarabağda mülki azərbaycanlılara qarşı keçmişdəki qəddar hərəkətlərinə baxmayaraq, onu dəstəkləməkdə davam edirlər. Kanada heç vaxt Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstəyini ifadə etməyib və bir zamanlar Ermənistanın işğalı altında olmuş ərazilərdən didərgin düşən keçmiş məcburi köçkünlərin vəziyyəti ilə maraqlanmayıb. Bundan başqa, Kanada Ermənistandan zorla deportasiya edilən azərbaycanlıların taleyinə də biganəlik nümayiş etdirir. Əslində, bu, Kanadanın Azərbaycana və azərbaycanlılara açıq qərəzli münasibətini göstərir”.
Ekspert xatırladıb ki, bu yaxınlarda İrəvanda keçirilən görüşdə Kanada və Ermənistanın xarici işlər nazirləri Cənubi Qafqazda sülh prosesini aktivləşdirməyə çağırmaq əvəzinə, Azərbaycan əleyhinə qərəzli bəyanatlar veriblər:
“Azərbaycan isə öz növbəsində sülh danışıqlarının əsas təşəbbüskarı olaraq qalır, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası prosesinin başlanmasının fəal tərəfdarıdır. Ermənistanın uzun illərdir sülh prosesini pozmaq cəhdlərinə baxmayaraq, Azərbaycan bununla bağlı təşəbbüslər irəli sürür”.