ADA universitetində İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrina Qətərdən yayımlanan “Əl-Cəzirə” telekanalına müsahibəsində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıb.
AZƏRTAC xəbər verir ki, ADA universitetinin əməkdaşı müsahibəsində Azərbaycan hökumətinin erməni sakinlərin təhlükəsizliyinin, eləcə də bütün hüquqlarının təminatı üçün ölkə konstitusiyası və qanunları çərçivəsində zəmanətlər verdiyini bildirib. Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşlərin onların sosial-ictimai məsələlərinin həlli barədə müzakirələrin aparılması üçün yaxşı imkan olduğu vurğulanıb.
Anastasiya Lavrina ermənilərin guya Azərbaycanda sıxışdırılması və təzyiqlərə məruz qalması barədə erməni tərəfinin dediklərinin dezinformasiya olduğunu, həqiqəti əks etdirmədiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant və çoxmillətli ölkədir, burada indi də 30 min erməni yaşayır. Bakıda erməni kilsəsi fəaliyyət göstərir, ermənilərə qarşı heç bir təzyiq yoxdur.