İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu qayda rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir. Bu Qayda Vergi Məcəlləsinin 19-cu maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir.
Qərara əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınacaqlar. Bu Qaydanın məqsədləri üçün internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezident dedikdə internet informasiya ehtiyatı vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, musiqinin, audio və videomaterialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən, Vergi Məcəlləsinin 13.2.6.6-cı maddəsində nəzərdə tutulan qeyri-rezident şəxs nəzərdə tutulur.
Qeyri-rezident tərəfindən bu Qaydada qeyd olunan iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda vergi bəyannaməsi təqdim edilir:
– işləri və xidmətləri qəbul edən (alan) rezident şəxs ödənişi Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirdikdə;
– işləri və xidmətləri qəbul edən (alan) rezident şəxs Azərbaycan Respublikasında yerləşdikdə;
– işləri və xidmətləri almaq üçün həmin işləri və xidmətləri qəbul edən (alan) rezident şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında yerləşdikdə;
– işləri və xidmətləri almaq və ya ödənişi etmək üçün rezident şəxsin istifadə etdiyi mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aid olduqda.
Bu Qaydaya uyğun olaraq uçota alınan qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinin XI fəslinin məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, vergi agenti tərəfindən ödəmə mənbəyində vergiyə cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada hesablanıb ödəniləcək.