• Ç. Noy 27th, 2024

Elnur Allahverdiyev: “Fransa Yeni Kaledoniyanın qanuni müstəqillik cəhdlərini kobudcasına pozur və boğur”

ByYenigun.news

Apr 26, 2023


“Bu gün Fransanın xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaz dövlətlərinə səfəri başlayır. Fransalı nazir Bakıda, İrəvanda və Tbilisidə olacaq. Rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyi, Ermənistanı və Qarabağdakı separatçı rejimi himayə etməsi məlumdur. Bu reallıq kontekstində Kolonnanın Azərbaycana səfəri bir sıra suallar doğurur”.

Bunu Oxu.Az-a Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, Fransa XİN-i səfər barədə məlumat paylaşarkən nazirin Bakıda Laçın yolundakı vəziyyəti də müzakirə edəcəyini bəyan edib. Kolonna Laçın yolundakı vəziyyəti müzakirə obyektinə çevirmək istəsə, rəsmi Bakının fransalı diplomata cavab olaraq tutarlı arqumentlərlə çıxış edəcəyinə şübhə yoxdur:

“Fransa XİN-in Bakıda Laçın yolundakı vəziyyətin qaldırılacağına dair anons verməsi hələ bu mövzunun müzakirə edilməsi anlamına gəlməməlidir. Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış sərhədində sərhəd-keçid məntəqəsini qurub və bunu qanuni şəkildə edib. Biz ömür boyu bir ovuc erməninin şıltaqlığına göz yummalı deyilik. Sərhəd-keçid məntəqəsinin quraşdırılmasında qeyri-adi heç nə yoxdur. Fransa məgər Afrikadan qaçıb qeyri-qanuni yollarla onun ərazisinə girmək istəyənlərə sərhədlərini açıq elan edir? Yoxsa özünün sərhəd-keçid məntəqələrini ləğv edir?”

Millət vəkilinin fikrincə, Fransa XİN rəhbərinin Bakıda Laçın yolunu deyil, ölkəsi üçün daha əhəmiyyətli problemləri müzakirə etməsi daha məntiqli olar.

“Azərbaycan regionun ən böyük ölkəsi və söz sahibi olan dövlətidir. Bakı siyasi və iqtisadi mərkəzdir. Azərbaycanın iqtisadi imkanları artıq region həddini aşıb, biz bu gün Avropanın 10-dan çox ölkəsini enerji ilə təmin edirik. Məncə, bu, rəsmi Parisi daha çox maraqlandırmalıdır, nəinki Xankəndidə oturmuş bir neçə separatçı ilə vaxt itirmək.

Bölgəmiz müasir dövrün ən vacib logistika istiqaməti olan Orta Dəhlizin mərkəzi rolunda çıxış edir. Ermənistan özünün mənasız siyasətilə bu prosesdən kənarda qalır. Burada Fransanın da günahı var. İrəvanla birlikdə Paris də kənarda qalmaq istəyirmi? Kolonna bundan danışsın”.

Deputat əmindir ki, fransalı nazirin Qarabağ mövzusuna toxunması rəsmi Bakının adekvat cavabına səbəb olacaq. Söhbət Parisin müstəmləkələrində azadlıq və müstəqillik hərəkatını boğmasından gedir:

“Fransa Yeni Kaledoniyanın qanuni müstəqillik cəhdlərini kobudcasına pozur və boğur. Beynəlxalq hüquqa zidd olaraq Moyottanı özünə birləşdirib. Bunlar Kolonnaya xatırladıla bilər. Fransa müstəmləkələrində yerli dildən istifadəni qadağan edir. Bunları edən dövlətin bizimlə ərazimizdə nə etdiyimizi müzakirəyə çıxarmaq istəyi absurddur”.

E.Allahverdiyevin sözlərinə görə, sözügedən məsələlər rəsmi Bakı tərəfindən bir neçə dəfə qaldırılıb, ancaq Fransadan hər hansı cavab eşidilməyib.

“Prezident Qoşulmama Hərəkatının tribunasından Yeni Kaledoniya problemini səsləndirib. Milli Məclisdə bu məsələ qaldırılıb. Fransa XİN-dən bir cavab eşitmişik? Bu baxımdan, Kolonna Laçın yolu barədə danışmaq istəsə, lazımi cavabı alacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir