“Azərbaycan Filippinlə ikitərəfli münasibətləri canlandırmaq istəyir, ona görə də mədəniyyət, turizm, ticarət və enerji kimi müxtəlif sahələrdə daha dərin əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlıdır”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Manilada səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Manila Times”a müsahibəsində deyib. O, hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu üçün Filippinə yollanıb.
Nazir müavininin sözlərinə görə, bu görüşdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə Filippinin Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında ilk hökumətlərarası saziş imzalanacaq.
“Bizim səfərimizin əsas məqsədi budur. Ancaq əlbəttə ki, bu, həm də pandemiyadan sonra əlaqələrimizi canlandırmaq üçün bir şansdır”, – deyə o əlavə edib.
Nazir müavini COVID-19 pandemiyası zamanı ölkə sərhədlərinin üç ilə yaxın bağlı qaldığını qeyd edib və etiraf edib ki, pandemiya Azərbaycanın bir çox ölkələrlə, xüsusən də coğrafi baxımdan regiondan kifayət qədər uzaq olan dövlətlərlə ikitərəfli əlaqələrinin inkişafına mənfi təsir göstərib. Bu baxımdan görüş həm ikitərəfli, həm də çoxtərəfli gündəliyi, eləcə də regiondakı hadisələri müzakirə etmək üçün çox yaxşı şansdır.
Məmmədov onu da vurğulayıb ki, məsləhətləşmələrin birinci raundu Azərbaycan və Filippin arasında ikitərəfli münasibətlərin bütün sahələrinə “quşbaxışı” nəzər salmağa imkan verəcək.
“Lakin ikinci raundda, siyasi məsləhətləşmələrin növbəti mərhələsində, çox güman ki, bu məsələlərin daha ətraflı müzakirəsi olacaq”, – deyə o sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Filippin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib.