• Ç. Noy 27th, 2024

“Emmanuel Makron “qırmızı xətt”i keçib, nə özü, nə də komandası beynəlxalq hüququ bilir” – RƏY + FOTO

ByYenigun.news

Sen 25, 2023


“Fransa Prezidenti Emmanuel Makron bütün “qırmızı xət”ləri keçib”.

Bunu “Report”a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, Fransanın hazırkı xarici siyasət kursu beynəlxalq hüquqa uyğun deyil:

“Fransa bir sıra beynəlxalq təşkilatların üzvüdür. Rəsmi Paris vaxtilə BMT-nin, Avropa İttifaqının formalaşmasında rol oynayıb. İndiyədək Fransanın bəzi liderləri də müəyyən qədər ermənipərəst mövqe sərgiləyiblər. Amma onlardan heç biri “qırmızı cizgi”ləri keçməyib. Makron isə heç bir “qırmızı xətt” tanımır. Bu, onu göstərir ki, nə Fransa prezidentinin, nə də onun komandasının, o cümlədən xarici işlər naziri Ketrin Kolonnanın beynəlxalq hüquqdan anlayışı var”.

S.Məmmədli vurğulayıb ki, E.Makron həm də Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir:

“Fransa Rusiyanın Ukraynadakı müharibə nəticəsində xeyli zəiflədiyini başa düşür və bundan istifadə etməyə çalışır. Bundan başqa, Fransanın Türkiyə ilə münasibətləri yaxşı deyil. Ona görə də rəsmi Paris regionda öz oyununu oynamağa cəhd edir. Makron Qarabağla bağlı qeyri-adekvat bəyanatları ilə ölkəsindəki ermənilərin rəğbətini qazanmağa çalışır. Çünki Fransada kifayət qədər güclü erməni diasporu var. Ölkədə təxminən 600 min erməni yaşayır. Onların seçki prosesinə təsir imkanları var”.

Professorun fikrincə, rəsmi Parisin bu addımları bu ölkəyə başucalığı gətirmir:

“Əksinə, beynəlxalq qurumlar arasında Fransa gözdən düşür. Ketrin Kolonnanın BMT-nin iclasındakı son çıxışı da belə qənaətə gəlməyə əsas verir. Hətta BMT-nin iclasında qurumun rəsmiləri bir neçə dəfə fransalı nazirə sətiraltı mesaj verdilər ki, beynəlxalq hüquqa əməl etmək lazımdır. Dediyim kimi, Fransa prezidenti və onun komandası ya beynəlxalq hüququ bilmir, ya da açıq-aydın bu prinsiplərə əməl etməkdən boyun qaçırırlar. Fransa hələ də müstəmləkəçilik siyasətindən əl çəkmir. Görünür, bu dövlət yeni dünya qaydalarından dərs çıxarmaq istəmir. Amma həyat Parisi digər dövlətlərin hüquqlarına hörmət etməyə məcbur edəcək. Başqa cür mümkün deyil”.

Qeyd edək ki, Makron son müsahibələrinin birində Qarabağda qəbulolunmaz cinayətlərin və müharibə əməliyyatlarının baş verdiyini iddia edib. Faktları təhrif edərək riyakarcasına azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqlarının tamamilə pozulduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir