“Yevlax görüşünün keçirilməsi, buna nail olmağımız Azərbaycanın dövlətçilik xəttinin növbəti uğurlu mərhələsi hesab edilə bilər”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də Cənubi Qafqazda sülhün və əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə çalışır:
“Ermənistanın dəstəyi ilə separatçı rejim nümayəndələri görüş keçirməkdən imtina edirdilər. Ancaq Ordumuzun bir günə uğurla həyata keçirdiyi antiterror əməliyyatının nəticəsində separatçı rejim məğlub oldu, hərbi gücü yenildi və danışıqlar masasına keçməyə məcbur oldu. Şübhəsiz, Azərbaycan dövlətinin həmin ərazilərdə suveren hüquqlarının bərpası haqqında məsələlər müzakirə ediləcək. Rusiya sülhməramlılarının nəzarətindəki ərazilər Azərbaycan ərazisidir. Bütün torpaqlarımızda olduğu kimi, orada da bizim hüquqlarımız bərpa edilməlidir. Artıq bu işə başlanılıb.
Kiminsə Azərbaycanın daxili hüquqlarına qarışmaq imkanı yoxdur. Hər bir dövlət özünün daxili işləri ilə məşğul olmalıdır. Ermənistanın aqressiv siyasətinə dəstək verən Fransanın, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqazdan uzaq durması məsləhətdir. Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistan-Azərbaycan münasibətlərinə qarışmasına imkan verilməyəcək”.
Deputat vurğulayıb ki, Yevlax görüşünün nəticəsi olaraq, Qarabağ iqtisadi zonasında mövcud olan separatçı rejimin ləğv edilməsi prosesi başlanacaq:
“İnsanlar təhlükəsizlik əldə edəcəklər, dinc sakinlər qorxu hissindən uzaq yaşayacaqlar. Azərbaycanın bu hissəsində vətəndaşların malik olduqları hüquq və azadlıqlar, o cümlədən vəzifələr həmin ərazidə yaşayan erməni sakinlər üçün də tətbiq ediləcək. Həmin ərazidə məktəblər, klinikalar tikiləcək, müasir yollar salınacaq, sosial evlər tikiləcək, hərtərəfli şərait yaradılacaq. İnsanların su, elektrik enerjisi, qazla təchizatında çətinlikləri aradan qaldırılacaq. Erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün maneələr aradan qaldırılacaq. Onların dinlərinin, mədəniyyətlərinin qorunmasına dövlət şərait yaradacaq. Azərbaycan çoxmillətli dövlətdir və bütün ərazilərimizdə bizim qanunlarımız tətbiq edilir. Biz heç kimi zorla buna tabe etmək niyyətində deyilik. Amma suveren dövlət olaraq, ərazilərimizdə yaşayan insanların ərazi bütövlüyümüzə hörmətlə yanaşması vacibdir. Bunu qəbul etməyən sakinlər isə rahat və təhlükəsiz şəkildə ölkəmizi tərk edə bilərlər.
Prezident İlham Əliyevin ötəngünkü xalqa müraciəti tarixi çıxış idi. Azərbaycan xalqı öz liderinin nitqi ilə bir daha göstərdi ki, müstəqilliyin qorunub-saxlanmasında qətiyyətlidir, hüquqlarını həll edə bilir, ərazisində hər hansı separatçı qurumun mövcudluğuna, başqa dövlətin daxili işlərimizə qarışmasına heç vaxt imkan verməyəcək”.
Aysel Aslan