Ermənistan nə istəyir? Son zamanlar rəsmi İrəvanın sülhə, ərazi bütövlüyünə, sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına və başqa məsələlərə dair verdiyi xoşməramlı açıqlamalarla davranışı ziddiyyət təşkil edir.
Ötən həftənin sonunda Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Yaxud iyunun 17-si Ermənistanın bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər.
Əslində, Ermənistanın Azərbaycana qarşı sərhədyanı bölgələrdə törətdiyi təxribat və təhrikedici addımlarına dair çoxlu faktlar sadalamaq olar. Ermənilər törətdikləri bu pozuculuq əməllərini ört-basdır etmək məqsədilə ənənəvi olaraq dezinformasiyadan istifadə edirlər. Məsələn, ötən gün Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu guya ermənilərin Zod və Arazdəyən istiqamətlərindəki mövqelərini atəşə tutub. Rəsmi İrəvan bu yalan məlumatları yaymaqla beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı yönəltməyə səy göstərir.
Əvvəllər bu kimi məsələlərdə Ermənistana daha çox Rusiya rəsmiləri və KİV-i havadarlıq, sponsorluq edərdilər. Ancaq Rusiya rəsmiləri də çıxışlarında əməkdaşlıq, sülh və kommunikasiya xətlərinin açılmasından və s. danışırlar. Rusiya baş nazirinin müavini, Azərbaycan, Rusiya və Ermənistan arasında işçi qrupun təmsilçisi Aleksey Overçuk bildirib ki, Moskvada Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı ümumi anlaşma əldə olunub. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhə alternativin olmadığını hamı bilir:
“Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə uzanacağı göz qabağındadır. Bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək”. Bu kimi çıxışlardan Moskvanın da regional əməkdaşlığa və sülhə üstünlük verdiyi görünür.
Rəsmi Bakı ilə İrəvan arasında vasitəçiliyə can atan Fransa rəsmilərinin mövqeyi heç də istəkləri ilə uzlaşmır. Yelisey sarayının təmsilçiləri vasitəçilik missiyasına zidd olaraq daim Ermənistanı müdafiə edirlər. Bu günlərdə Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana yardımla bağlı parlamentdə sualları cavablandırarkən tərəfli olduqlarını gizlətməyib: “Azərbaycanla ədalətli sülhə nail olmaq üçün daim Ermənistanın yanındayıq. Biz Ermənistanı tək buraxmayacağıq”.
Fransa Ermənistanın şərti ərazisində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla da “Ermənistanın yanında” olduğunu isbatlayır. Fransa və Ermənistan şərti sərhəddə atəşin açılması ilə bağlı oxşar açıqlamalar verməklə də ortaq qərəz nümayiş etdirirlər. Ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya gedib. Səfərin təfərrüatı, eləcə də görüş və danışıqların qrafiki barədə məlumat yayılmayıb. Bununla belə, bu səfər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın güclənməsinə xidmət edəcəyi istisna olunmur. Rəsmi Parisin İrəvanda hərbi attaşeliyi apreldən fəaliyyət göstərəcək. Habelə mətbuatda Fransanın İrəvana 50 zirehli döyüş maşını tədarük etdiyinə dair məlumat yayılıb. Bundan başqa, son vaxtlar Ermənistanla Fransa arasında münasibətlərin hərbi sahədə də gücləndiyi müşahidə olunur.
Deməli, əvvəllər Ermənistanın hərbi rəsmiləri məsləhətləşmək və yardım almaq üçün Kremlin qapısını kəsdirərdilər. İndi isə buna Yelisey sarayının da darvazası əlavə olunub. Bu isə Azərbaycanla Ermənistan arasında şərti sərhəddə törədilən təxribat və təhriklərdə rəsmi İrəvanın əsas havadarının həm də Fransa olduğunu deməyə əsas verir. Odur ki, ərazidə atan təkcə “kazaklar” deyil, həm də “Fan-fan tülpan” (Zanbaq – “La Tulipe”) ola bilər.
“Report” İnformasiya Agentliyi